YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Qazaxıstan etibarlı tərəfdaşlığı

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Dərin köklərə, dostluq və qardaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir, hər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə yaradılan səmərəli dialoq qarşılıqlı münasibətlərin bu gününü və gələcək inkişafını şərtləndirir. Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma layihələrində iştirak etməkdə maraqlı olması da bunun bariz ifadəsidir. Əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarları və fəal iştirakçıları olan Azərbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyevin və Qasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir, birgə layihələr fəal şəkildə həyata keçirilir.

Dövlət başçısı İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən geniş tərkibdə görüşdə çıxış edərək, aparılan danışıqlarda ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb və bu səfərin münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeninə layiq görülməsinin isə xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi kimi diqqət çəkdiyini, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət olduğunu bildirib.

Bu gün ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq münasibətlərində nəqliyyat-logistika infrastrukturunun inkişafı xüsusi yer tutur. Prezident İlham Əliyev bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görüldüyünü önə çəkərək, ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsini, müvafiq orqanların artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirdiyini bildirmiş, Orta Dəhlizin çox böyük perspektivə malik olduğunu və bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu olduğunu diqqətə çatdırıb.

Yeri gəlmişkən, hazırda dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın yeri və rolu, xüsusən də respublikamız üzərindən Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə tranzit yüklərə olan maraq ölkəmizin əhəmiyyətini daha da artırır. Tranzit dəhlizində ən başlıca infrastruktur layihələrdən biri olan Bakı–Tbilisi–Qars dəmir yolu ilə daşınmalar xüsusi önəm kəsb edir. Elə buna görə də hazırda Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bakı–Tbilisi–Qars dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönələn əməkdaşlıqda mühüm uğurlar əldə olunur. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Bu gün marşrut Çin–Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur. Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanın Qazaxıstanla iqtisadi-ticari münasibətlərin inkişafına daha böyük təkan verəcək əmtəə dövriyyəsinin artırılması üçün böyük ehtiyatlar var. Gələcək iqtisadi-ticari əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsinin aparılması, qarşılıqlı tədarüklərin artırılmasının zəruriliyini önə çəkir və investisiya sahəsində də böyük perspektivlərin olduğunu göstərir. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib”. Bu, təsadüfi deyil. Çünki əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verir. Xatırladaq ki, son illərdə əməkdaşlığın yeni səviyyəyə çatdırılmasının nəticəsidir ki, ticarətin həcmi praktiki olaraq 3 dəfə yüksəlib. Cari ilin ilk dörd ayında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib. Bununla belə, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır. Lakin bu, arxayınlaşmağa əsas vermir, çünki ticarəti artırmaq üçün daha geniş imkanlar var.

Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə imzalanan sənədlər, “2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”, eləcə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, həmçinin mədəniyyət, ticarət-iqtisadi əməkdaşlıq, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrin inkişafı ilə bağlı sənədlər hər iki ölkənin münasibətlərinin daha geniş hüquqi bazasını yaradır.

Həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannamə xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Yəni Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlar olmaqla bərabər, həm də müttəfiqlərdir. Şübhəsiz ki, bu, hər iki dövlət üzərinə xüsusi məsuliyyət qoyur. Ümumiyyətlə, Bəyannamə qardaş ölkələr arasında əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və gələcək birgə fəaliyyəti üçün ciddi baza rolunu şərtləndirir.

DİGƏR Xəbərlər Arxiv