YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri 

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri Azərbaycan və Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətlərinin yeni yüksək pilləyə qədəm qoymasının bariz nümunəsidir. Səfər çərçivəsində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar ki, bütün məsələlərinə dair ətraflı müzakirələr aparıldı və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Heç şübhəsiz ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək. Bu gün həm Qazaxıstan, həm də Azərbaycan müstəqillik yolunda inamla irəliləyərək, dünya arenasında nüfuzunu artırır. Biz bir-birinə yaxın dövlətlər, strateji tərəfdaş və müttəfiqlərik. Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Ölkələrimiz əsas beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında bir-biri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərərək, bir-birini dəstəkləyir və əminik ki, bu, gələcəkdə də davam edəcək. 

Səfər çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan və Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olundu. Bu ali mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan və Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir. “Altın kıran” ordeninin təqdim edilməsi də bütün qazax xalqı adından ehtiram əlamətidir.

Görüş çərçivəsində ölkə başçıları Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. Belə ki, layihəyə əsasən 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək və burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirməsi üçün hər cür şərait yaradılacaq. Bu layihə musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və idman – oyun zalları, xoreoqrafiya kimi dörd böyük istiqamətdən ibarətdir. Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir nümunəsi, bizim xalqımıza qardaşcasına münasibətin təzahürü, Qarabağın bərpası işinə isə böyük töhfədir.

Həmçinin, iqtisadi-ticari münasibətlərinin inkişafı, əmtəə dövriyyəsinin artırılması istiqamətlərində fikir mübadiləsi də aparıldı. İnvestisiya sahəsində həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi vardır. Ölkələrimiz arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar mövcuddur. Hazırda yük axınının birləşdirilməsi, həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə danışıqlar gedir. Orta Dəhliz xüsusilə çox böyük perspektivə malikdir ki, bu layihənin həyata keçirilməsində də Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. Əminliklə demək olar ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaqdır.

Əlbəttə, bu səfər Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasında xüsusi əhəmiyyət kəsb etdi və danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalandı. Şübhəsiz ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq, iki qardaş ölkə arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.