YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın nüfuzunun göstəricisi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafını təsdiqləyən mühüm sənədlərin imzalanması ilə yadda qaldı. Həmçinin Prezident İlham Əliyevə Qazaxıstanın ali ordeni təqdim olundu.

Həm prezidentlərin iştirakı ilə, həm də müvafiq strukturlar arasında ümumilikdə 20-dən artıq sənədin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Çünki bu sənədlərin hər biri yeni istiqamətlər üzrə əməkdaşlığın inkişafında əhəmiyyətli rola malikdir. Təkcə Azərbaycan və Qazaxıstan prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının aydın mənzərəsini yaradır. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğu dövrə təsadüf edən bu səfər bir daha keçilən yola nəzər salmaq imkanları yaratdı. Təhlillər əsasında təsdiqləndi ki, Azərbaycan-Qazaxıstan münasibətləri hər zaman strateji tərəfdaş və müttəfiq xarakteri daşıyıb. Ayrı-ayrı illərdə imzalanan sənədlər bu əlaqələrin inkişafında möhkəm hüquqi bazaya çevrilib.       

Qazaxıstan Prezidentinin səfəri zamanı imzalanan Bəyannamə bir daha sübut edir ki, Azərbaycan və Qazaxıstan sadəcə strateji tərəfdaşlar deyil, həmdə müttəfiqlərdir.  Qazaxıstanla strateji müttəfiqliyin dərinləşdirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir.

Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar əsasında Azərbaycanın regionda və dünyada mövqeyi daha da möhkəmlənir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, yeni əməkdaşlıq formatlarının yaradılmasına səy göstərən Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə dəstək günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, o cümlədən işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini inşa etməsi dost ölkənin Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizin yanında olduğunun təsdiqidir. Səfər çərçivəsində mətbuata birgə bəyanatlarında Prezident İlham Əliyev bildirib: “Biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük.  Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq”.

Prezident İlham Əliyev, həmçinin Qazaxıstan Prezidentini Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə ətraflı məlumatlandırıb, Azərbaycanın Cənubi Qafqaz regionunda uzun müddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiq edib.

İki dost ölkənin yalnız ikitərəfli deyil, müxtəlif beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda əməkdaşlığı möhkəmdir, beynəlxalq məsələlərdə mövqeləri üst-üstə düşür. MDB və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Qazaxıstan arasında etimada əsaslanan əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası yeni prioritetlərin müəyyənləşdirilərək növbəti sənədlərin imzalanmasına yol açır.