YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının birliyi möhkəmlənir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

İkitərəfli əlaqələrin inkişafı ölkələrin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri diqqət mərkəzindədir. Səfər zamanı hər iki ölkənin prezidentləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə etdilər, gələcək inkişafı təmin edəcək və möhkəm hüquqi baza olan sənədləri imzaladılar. “Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim” söyləyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir: “Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir: “Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Səfər zamanı keçirilən görüşlərdə beynəlxalq arenada əməkdaşlığın inkişafı yolları da müəyyən edildi. İki dost, qardaş ölkə aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayır. Ümumiyyətlə, çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaranır. Diqqəti iyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünə yönəldən dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var: “Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir”.

Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün bütün imkanların mövcud olduğunu bildirən Qazaxıstan Prezidenti iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı tərəfindən Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi də deyilənlərin təsdiqidir. Bu ali mükafat, eyni zamanda, dövlət başçısı İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun, siyasi çəkisinin təqdimatıdır. Prezident İlham Əliyev daim təşəbbüsləri, atdığı addımları ilə dünyaya birlik, həmrəylik çağırışlarını edir. Məhz bu birlik, səylərin birləşdirilməsi sayəsində hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Təkcə son iki ildə Azərbaycanın dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə həm daxildə, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərə diqqət yetirmək kifayətdir.  Dövlət başçısı İlham Əliyev qlobal problemə qarşı birgə mübarizənin vacibliyini önə çəkərək öncə türk dünyasının, sonra ümumilikdə bütün dünyanın birliyinə, həmrəyliyinə xidmət edən təşəbbüslərlə çıxış etdi. Belə ki, Türk Şurasının, ardınca isə Qoşulmama Hərəkətatının koronavirusla bağlı Zirvə görüşləri keçirildi. Daha sonra Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutdu.

Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır.

Qarşılıqlı səfərlər, aparılan görüşlər və verilən qərarlar hər bir hədəfə çatmağımızda mühüm rol oynayacaq. Azad Qarabağımızda nəzərdə tutulan layihələrin reallaşdırılması türk dünyasının birliyini, həmrəyliyini daha da möhkəmləndirəcək.