YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qardaşlığın daha bir təsdiqi

Elçin İsmayılov

YAP Goranboy rayon təşkilatının sədri

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri hər iki tərəf üçün çox mühüm əhəmiyyətə malikdir. Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlərində ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair müzakirələr aparılıb. Eyni zamanda, bir çox sahələr üzrə əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Səfər çərçivəsində 20-dən artıq çox mühüm sənədlərin imzalanması, müttəfiqlik və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə hər iki ölkənin dostluq və qardaşlığına əsaslanan münasibətlərin inkişafına çox böyük töhfələr verəcəkdir.

Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdə iki ölkənin əməkdaşlığı və birgə fəaliyyəti münasibətlərimizin yüksələn xətt üzrə inkişafından xəbər verir. Azərbaycan və Qazaxıstan təkcə yaxın qonşu dövlətlər deyil, həm də uzunmüddətli tərəfdaşlardır. İndi Azərbaycan və Qazaxıstan regionda inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edən iki nəhəng gücdür. Nəzərinizə çatdıraq ki, hər iki ölkə Asiya-Avro¬pa marşrutu üzrə yüklərin daşınmasında mühüm rol oynayır.

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də Sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər

Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqi olmaqla yanaşı, eyni zamanda dövlət başçımızın Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Həmçinin ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha bir təzahürü kimi, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakını da qeyd etmək lazımdır. Bu baxımdan, Qazaxıstanın Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi də qardaşlıq münasibətinin daha bir nümayişi idi.

Diqqətəlayiq haldır ki, Azərbaycan və Qazaxıstan istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə eyni mövqelərdən çıxış edirlər. Bu, bir daha deməyə əsas verir ki, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Təbii ki, bu yaxınlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi və inkişafı üçün əlverişli zəmin yaradır.