YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhid Elman Məmmədovun xatirəsi anılıb

Tərtərdə Vətən müharibəsi şəhidi Məmmədov Elman Bəhmən oğlunun doğum günündə əziz xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları rayonun Borsunlu kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində qazandığı möhtəşəm Qələbənin hərb tariximizə qızıl hərflərlə yazıldığını deyib. O, bu tarixi Qələbənin əldə olunmasında canından keçən şəhidlərimizin, qazilərimizin və müharibə veteranlarının döyüş meydanında göstərdikləri misilsiz qəhrəmanlıq və şücaətin heç vaxt unudulmayacağını bildirib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Elman Məmmədov 2020-ci il oktyabrın 3-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.