YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə konfransında könüllü sosial sığortanın tətbiqi məsələləri müzakirə olunub

Aprelin 29-da “Fairmont Baku” hotelində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Avropa İttifaqının birgə layihəsi ilə bağlı konfrans keçirilib.

Avropa dövlətlərinin ölkəmizdəki səfirlərinin, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin çərçivə planı müzakirə olunub.

Konfransda çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

Fondun sədri bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınmasının və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasının zəruriliyini qeyd edib.

Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel isə çıxışında Azərbaycanda pensiya təminatı sahəsində islahatların əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib.

BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi Antonius Bruk də son illər Azərbaycanın sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların ölkəmiz üçün vacib önəm daşıdığını bildirib.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dövlətimizin yürütdüyü siyasətin əsas məqsədinin sosial müdafiənin gücləndirilməsi olduğunu qeyd edərək bildirib ki, növbəti mərhələdə sığorta-pensiya sistemində nəzərdə tutulan islahatlar sosial ədalətin gücləndirilməsi, pensiya təminatı sahəsində yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının dövlətimizin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək, həyata keçirilən islahatların sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinə xidmət etdiyini qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə nəzərdə tutulan pensiya islahatlarının mühüm önəmindən bəhs edib.

Layihə rəhbəri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və layihənin tərəfdaş rəhbəri, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyinin nümayəndəsi Natali Belorgey “Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti” çərçivəsində fəaliyyət göstərən birgə layihənin uğurla davam etdirildiyini qeyd ediblər.

Sonra təqdimatlar olub. İngus Alliks rəhbərlik etdiyi layihənin icra vəziyyəti, ötən dövrdə görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Latviyanın Rifah Nazirliyinin sosial sığorta departamentinin direktoru Jana Muizniecenin təqdimatı isə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi məsələlərini tənzimləyəcək qanunvericiliyin çərçivə planına həsr olunub.

Latviyanın SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru, Latviya Bank Assosiasiyalarının Özəl Pensiya Komitəsinin rəhbəri Dace Brencena təqdimatla çıxış edərək tədbir iştirakçılarını qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyəti ilə bağlı qanunvericiliyin çərçivə planının təfərrüatları ilə tanış edib.

Daha sonra Almaniya Pensiya-Sığorta Federal İnstitutunun tədqiqat və inkişaf departamentinin eksperti Markus Sailer “Adekvat pensiyanın təmin edilməsində sahəvi pensiyaların rolu” və DSMF-nin proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşıyev “Azərbaycanda könüllü sosial sığortanın tətbiqinin aktual məsələləri” mövzusunda geniş təqdimatlar ediblər.