YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkədə etiqad azadlığı tam təmin olunub

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin nümayəndələri, din xadimləri, partiya veteranları və fəalları, gənclər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Sovet dövründəki dinlə bağlı sərt qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid  ibadət ocaqlarının dağıdılması, o cümlədən müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi din sahəsindəki pərakəndəlik dinlə bağlı daha həssas, qətiyyətli, həm də məqsədyönlü siyasətin həyata keçirilməsinə zərurət yaratdı. Məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi.

S.Əliyev qeyd edib ki, Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən model kimi qəbul olunur. Dini məbədlərin inşası, bərpası və qorunması istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd edən təşkilat sədri Fondun həyata keçirdiyi işlərin təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da yüksək qiymətləndirildiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli bildirib ki, Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar salındı. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, konstitusiyada bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın etiqad azadlığı olduğu xüsusi vurğulandı. Bununla dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu.

Tədbirdə çıxış edənlər milli və dini dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs ediblər.