YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilatın əməkdaşı Samir Ağayev II Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Xəlilzadə Əmrah İnqilab oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

Kamil Qurbanlı qeyd edib ki, şəhidlərimiz xalqımızın yaddaşında bizlərə Zəfər tarixi yaşadan əbədi qəhrəmanlar olaraq daim yaşayacaqlar. İllər keçsə də, gələcək nəsillər qəhrəman oğullarımızı hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan oğullarımızı daim qəlbimizdə yaşadaq. Rayon təşkilatının sədri dövlətin şəhid ailələrinə və qazilərə diqqət və qayğıdan bəhs edib.

Şəhidin atası İnqilab Xəlilov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Daha sonra YAP Rayon təşkilatının əməkdaşları, Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov şəhər qəbiristanlığında şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.

Azərbaycan Ordusunun əsgəri olan Əmrah Xəlilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əmrah Xəlilzadə oktyabrın 26-da Füzuli uğrunda döyüşlər zamanı şəhid olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Xəlilzadə Əmrah İnqilab oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.