YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Azərbaycan xalqının müdrik oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Hər bir xalqın, hər bir millətin var olmasının ən əsas amillərindən biri özünəməxsus dilinin olmasıdır. Hər bir toplum hər bir xalq məhz Ana dili vasitəsi ilə özünün varlığını sübut edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi, hər bir xalq öz dili ilə yaranır.

Biz bu gün həqiqətən də fəxrlə deyə bilərik ki, bizim qədim bir xalq kimi dərin tarixi kökləri olan öz dilimiz, öz tariximiz, öz mədəniyyətimiz var. Bu gün 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan neçə-neçə şairlər, alimlər, siyasətçilər, dahilər yetişdirib. Biz bu gün bu dil ilə dünya tarixinə, dünya mədəniyyətinə öz sözümüzü demişik, kimliyimizi sübut etmişik, bu dil ilə dünyaya müstəqilliyimizin əbədi, dönməz və daimi olduğunu elan etmişik.

Azərbaycanda son illərdə bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişaf etdirilməsində, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin hələ müstəqilliyindən əvvəlki Sovetlər birliyinin tərkibində olduğu illərdən qoyub. Hələ sovetlər birliyinin tərkibində müttəfiq respublika olduğumuz bir vaxtda, 1978-ci ildə Azərbaycan SSR-nin konistitusiyasında Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir maddəsinin daxil edilməsi o dövr üçün böyük cəsarət tələb edirdi və eyni zamanda milli kimliyimizin və ana dilimizin qorunması naminə atılan çox böyük bir addım idi.                Ulu Öndərin ana dilimizin qorunub saxlanılması məqsədilə həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində hələ keçən əsrin 70-ci illərində respublikamızda ana dilimizin hərtərəfli olaraq tədqiqi ilə bağlı bir sıra vacib elmi tədqiqat işləri həyata keçirilib. 1974-cü ildə o dövr üçün ali məktəblərdə tədris məqsədilə hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi istifadəyə verilib və Dövlət mükafatına layiq görülüb. Ulu Öndərin ana dilimizə olan bu sonsuz sevgi və qayğısı və o dövr üçün dilimizin qorunub saxlanılması məqsədilə bu cəsarətli addımı xalqın müxtəlif təbəqələri arasında çox böyük rəğbətlə qarşılanıb.

Ulu Öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra qarşıya çıxan bir çox təxirəsalınmaz məsələlələrin həlli ilə yanaşı ana dilimizin tədqiqi və inkişafı ilə bağlı tədbirlərin də həyata keçirilməsi məqsədilə öz tapşırıqlarını vermiş Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz Ümummilli Liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Bu gün danılmaz faktdır ki, Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik” fikirləri ana dilimizə verilən ən yüksək qiymətin təzahürüdür.

Bu gün də əsası Ulu Öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilimiz artıq tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında yüksək tribunalardan səslənir. Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına daim çox böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

Vətənpərvər xalqımız dilimizin incəliklərini və milli-adət ənənələrimizin qorunub saxlanılması uğrunda daim gərgin mübarizə aparıb. Bu gün bunun nəticəsi olaraq dilimiz özünün saflığını, qədimiliyini qoruyub saxlayıb, xalqımız isə öz milli adət ənənələrini uğurla davam etdirərək dünyaya təbliğ edir. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Zaman keçdikcə bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.