YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ana dilimizə dövlətin xüsusi diqqət və qayğısı var

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqət və qayğısı olub. Hələ Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərib.

Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən başlayaraq azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya formalaşıb. Bu siyasətin məntiqi nəticəsi isə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması idi. 44 il öncə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Müstəqillik illərində respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalayıb.

Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılıb.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapıb. Ulu Öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunub.

Ulu Öndərin həyata keçirdiyi dövlət dil siyasəti bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlət başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda milli kimliyimizi də gücləndirən əhəmiyyətli amildir.

Bu mənada ölkə rəhbəri bildirib ki, “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.

Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilən tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır.

Prezidentin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.

Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Hər bir millətin, hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir.