YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsəd vətəndaş məmnunluğunun artırılmasıdır

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Azərbaycanda həyata keçirilən kadr islahatları ümumi islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu islahatların əsas məqsədlərindən biri vətəndaş məmnunluğunun artırılmasıdır. Prezident İlham Əliyev rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçılarını qəbul edir və onlara tapşırıqlarını verir. Ona görə də hər bir məmur, vəzifəli şəxs öz fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməli və vətəndaşlara şəffaf xidmət göstərməlidir.

Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Ən əsası regionlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Bu baxımdan deyə bilərik ki, hazırda 4-cü Dövlət proqramının icrası digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində mühüm tapşırıqlar verir. Vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğu atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Göründüyü kimi, insan amili, insanların yüksək rifah şəraitində yaşayışı dövlətin siyasətində əsasdır. Eyni zamanda, Prezident hər bir vətəndaşının yanında olmaqdan məmnunluq hissi keçirir.

Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman onların qarşısında mühüm vəzifələr qoydu və tapşırıqlar verdi. Bu tapşırıq və tövsiyələr təkcə vəzifəyə yeni təyin edilən şəxslər üçün deyil, bütün vəzifəli şəxslər üçün əsas olmalıdır. Hər bir icra başçısı elə xidmət göstərməlidir ki, vətəndaşlar razı qalsın. Heç bir icra başçısı öz vəzifələrindən sui-istifadə etməməlidir. Hər kəs qanun qarşısında bərabərdir, hər kəs törətdiyi əmələ görə cəzasını alır və biz bunu zaman-zaman görürük.

Təəssüflər olsun ki, zaman-zaman icra başçılarının cinayət əməllərinin şahidi oluruq və onlar buna görə öz cəzalarını alırlar, cinayət məsuliyyətinə cəlb edilirlər. Prezident qəbul zamanı bildirdi ki, “bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Prezident İlham Əliyevin dediyi kimi, hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bu gün də əgər hansısa icra başçısı öz fəaliyyətində cinayət əməllərinə yol verirsə bilməlidir ki, mütləq onun əməllərinin üstü açılacaq və qanun qarşısında cavab verəcəklər. Ona görə də hər bir icra başçısı öz fəaliyyətini şəffaf qurmalı və cinayət tərkibli hərəkətlər etməməlidirlər.

Ölkəmizin inkişafı üçün bütün imkanlar mövcuddur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Dövlət başçısı İlham Əliyev bir daha bu tələbi qaşıya qoydu ki, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

Ölkə Prezidenti İlham Əliyev öz çıxışında bir daha şəhid ailələrinə və qazilərə daha çox diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etdi. Hazırda dövlətimiz tərəfindən bu istiqamətdə əhatəli və effektiv iş aparılır, böyük layihələr həyata keçirilir. Şəhid ailələri və müharibə əlillərinin problemləri dövlət xətti ilə həll olunur. İndiyədək 12500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilib. Dövlət öz üzərinə düşən vəzifəni səmərəli şəkildə və yüksək səviyyədə icra edir. Bu gün rayonlarda fəaliyyət göstərən icra orqanları da dövlətin bu siyasətini yerlərdə məsuliyyətlə həyata keçirməlidirlər. Prezidentimizin dediyi kimi, Azərbaycan dövlətinin siyasəti xalqımızın rifah halının yaxşılaşmasına istiqamətləndirilib.