YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatının daha bir ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının 12 saylı ərazi partiya təşkilatı yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində keçirilmiş iclas partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru Arzu Qocayev, YAP Gəncə şəhər təşkilatının və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşları iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın möhtəşəm uğurları barədə ətraflı məlumat verib, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açıb.

800 minə yaxın üzvü olan partiyanın bu il 30 illiyinin qeyd ediləcəyini vurğulayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olduğunu bildirib: “Ölkəmizin gəncləri YAP-ın yarandığı ilk gündən onun qurucusu, ulu öndər Heydər Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər”.

YAP-ın cəmiyyətdə artan nüfuzundan, tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultaydan sonra partiyanın həyatındakı yeniliklərdən geniş bəhs edən Nurəddin İbrahimov bildirib ki, partiyanın hər bir üzvü yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın ali məqsədlərə yüksək səviyyədə nail olmasına öz töhfəsini verməyə səy göstərir. Bu da səbəbsiz deyil. Fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.

Tədbirdə çıxış edənlər 44 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı ərazi partiya təşkilatlarının sırasına yeni qədəm basan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra təşkilati məsələlərə baxılıb. Arzu Qocayev yeni yaradılan ərazi partiya təşkilatının sədri, Altay Ələsgərov isə sədr müavini seçiliblər.

Ərazi partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavini onlara göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Sonda YAP sıralarına yeni qəbul olunmuş 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.