YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Təhsil və elmin vəhdətinin yaradılması ölkəmizin gələcək inkişafına böyük töhfə olacaq

“Dövlət başçısı İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində qarşıdakı dövrün islahatlarının anonsunu vermişdi. Son 4 ilə yaxın dövrdə  aparılan islahatlara, idarəetmədə  təkmilləşməyə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə  28 iyul 2022-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”  Fərmanı da ölkəmizdə həyata keçirilən islahatlar kursunun əsas tərkib hissəsidir. Sənədin  ayrı-ayrı müddəalarında hədəflər özünü aydın şəkildə ifadə edir. Dövlət başçısı İlham Əliyev  Prezident kimi fəaliyyətinin ilk günündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək bu reallığı diqqətə çatdırdı ki,  ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Müasir dövrümüz  yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Ən müasir texnologiyaların Azərbaycana gətirilməsi, tətbiq edilməsi və  alimlərimizin  gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərəli şəkildə  qurmaları əsas prioritetlər sırasındadır.

Dövlət başçısı ilk gündən təhsilin və elmin vəhdətinin yaradılmasını bir tələb kimi irəli sürdü.  Onu da qeyd edək ki, ölkə Prezidentinin Sərəncamı əsasında təsdiqlənərək uğurla icra edilən  gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət proqramında da  məqsəd   gənclərimizin  elmin sirlərinə daha dərindən yiyələnmələri,  yeni texnologiyaların tətbiqi şəraitində ölkəmizin  dayanıqlı inkişafına töhfələrini vermələridir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  dövlət başçısının Fərmanına uyğun  olaraq Elm və Təhsil Nazirliyinin yaradılması  qarşıdakı hədəflərin təqdimatında əhəmiyyətli rol oynayır. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları, habelə digər qurumlar  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin,  Akademiyanın Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilir. Atılan bu addım idarəetmədə həyata keçirilən təkmilləşmənin tərkib hissəsidir.  

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki,  son illərdə təhsil sisteminin təkmilləşdirilməsinə yönələn sərəncamlar dövlət başçısının “Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik” çağırışına xidmət edir:  “Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verir, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələr gənc alimlərin yetişdirilməsini də bir zərurət kimi ortaya qoyur.  Gənc alimlərin  I qurultayında   intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. Gənc alimlər müxtəlif sahələrdə  elmi potensialımızı gücləndirirlər.  Elmin İnkişafı Fondunun, Gənclər Fondunun yaradılması da öz növbəsində gənclərin  öz potensial imkanlarını ortaya qoymalarına, elmi biliklərini artırmalarına və əldə etdikləri bilikləri təcrübədə  tətbiq etmələrinə geniş imkanlar yaradır.

“2018-ci ildə   “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında  Sərəncam da  uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür”, -deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

Vüqar Rəhimzadə bildirib ki,  Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası fonunda elmin və təhsilin inkişafının qarşısında geniş imkanlar açılacaq. Ən əsası bu vəhdətin  yaradılması ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək. Dövlət başçısı İlham Əliyev elmin inkişafını daim əsas məsələ kimi öndə saxlayır. Ayrı-ayrı sahələr üzrə elmi araşdırmaların  miqyasının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır.  Bu reallıq inkaredilməzdir ki, Azərbaycanı dünyada tanıdan  coğrafi mövqeyi və təbii resursları ilə yanaşı, elmi potensialıdır. Azərbaycan alimləri dünya elminin inkişafına böyük töhfələr veriblər. Atılan mühüm addım bu uğurumuzun miqyasını daha da genişləndirəcək, yeni əlaqələrə yol açacaq.