YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

David İbrahimxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə qeyd edildiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. İlk növbədə, ötən dövr ərzində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasını əldə olunan nailiyyətlər sırasında qeyd edə bilərik. O cümlədən ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddətinin gələn ilin sonuna qədər artırılması bu uğurun bariz göstəricilərindən biridir.

Bu istiqamətdə atılan önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Azərbaycanın paytaxtında keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var və bu təşkilat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platformadır.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bunun sübutu olaraq beynəlxalq arenada Azərbaycanın oynadığı rolu, göstərdiyi həmrəyliyi və ehtiyac içərisində olan ölkələrə verdiyi həm humanitar, həm də maliyyə dəstəyini misal çəkmək olar. Birmənalı olaraq demək lazımdır ki, bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir.

Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Həmçinin son dövr ərzində ölkədə orta əməkhaqqı 14 faiz, pensiyalar 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi isə dövlət büdcəsidir. Həm də nəzərə almaq lazımdır ki, ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. İqtisadi artım 6,2 faiz, o cümlədən qeyri-neft sektorunda artım 9,6 faiz oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.

Dövlətimizin başçısı Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda üzərinə götürdüyü öhdəliklərdən yayınması hallarına da diqqət çəkdi. Məlumdur ki, ölkəmizin parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində məhv edilmiş Ermənistan ordusunun tör-töküntüləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində qalmaqdadır. Qalib ölkə olan Azərbaycan, təbii ki, bununla barışa bilməz. Prezident də bu barədə aydın mövqe ortaya qoydu. Həmçinin Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ hələ ki, Ermənistan tərəfindən yubadılır, bu öhdəliyin reallaşması üçün məğlub ölkə konkret addımlar atmır. İlk növbədə, Ermənistan anlamalıdır ki, imza atdığı bu Bəyanat onun üçün kapitulyasiya aktıdır, bunu məğlub ölkə olaraq imzalayıb və üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir. Və anlamalıdır ki, onun qarşısında qüdrətli, regionun lider dövləti Azərbaycan var. Ermənistanın rəhbərliyi tərəfindən son zamanlar səslənən status məsələsinə də dövlətimizin başçısı münasibət bildirdi. Sözsüz ki, məğlub ölkə tərəfindən statusun yenidən ortaya atılması cəhdi sadəcə gülüş doğuran məqamlardandır. Münaqişə başa çatıb, ortada nəticələr var və bu reallıqlarla barışmaq mütləqdir.