YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın ilk müjdəsi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan xalqı tarixi günlər yaşayır. İyulun 19-da 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış başlandı. Zəngilanın Ağalı kəndinin bir qrup sakini 30 ilə yaxın ayrılıqdan sonra  doğma yurduna döndü. Bu, tarximizdə və taleyimizdə çox qürurlu hadisədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı hesabına azad edilmiş torpaqlarımızda artıq həyat başlanır.

Aparılan bərpa və yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Baxmayaraq ki, erməni vandalları 30 il ərzində həmin əraziləri tamamilə dağıdıb, amma dövlətimiz bu torpaqlarda yenidən həyatı qaytarmaq üçün əzm və qətiyyət nümayiş etdirir. Artıq xalqımız, milli dəyərlərimiz və ənənələrimiz bu torpaqlara qayıdıb. Azərbaycan xalqı bundan sonra həmin torpaqlarda əbədi yaşayacaq. Füsunkar təbiəti olan bu diyarın gələcəyi çox gözəl olacaq.

Verilən rəsmi məlumatlara görə, Ağalı kəndinə əhalinin köçürülməsi 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi nəzərdə tutulub. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların rahat yaşayışı üçün dövlətimiz hər nüansı xüsusi düşünüb. Sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq. Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “Dost Aqropark” fəaliyyət göstərəcək.

Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Kəndin sakinləri artıq öz təəssüratlarını bölüşür, doğma yurdlarına qayıtdıqları üçün özlərini xoşbəxt hiss edirlər. 30 ilin nisgilindən sonra doğma yurdlarına qayıdan insanların keçirdiyi hissləri təsəvvür etmək çətin deyil.

Ümumiyyətlə,  regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin uğurlu siyasətinə şahidlik edir.  Hər kəs görəcək ki, Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə azad olunmuş torpaqlarda işlər planlı və sistemli şəkildə davam edəcək. Bu işlərin nəticəsində 30 illik torpaq həsrəti çəkən insanlarımız yurdlarına qovuşacaqlar. Ağalı kəndi isə Böyük Qayıdışın ilk müjdəsi oldu. Qayıdışımız mübarək!