YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurla inkişaf edən Azərbaycan beynəlxalq nüfuz sahibinə çevrilib

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Dünyada yaşanan geosiyasi proseslər və qlobal iqtisadi gərginliyə rəğmən son altı ay ərzində Azərbaycanda bütün sahələrdə müsbət tendensiya qeydə alınıb. Belə ki, cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. İyulun 15-də keçirilmiş altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Prezident cənab İlham Əliyev görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycan bu gün yüksək  beynəlxalq nüfuz sahibinə çevrilmişdir. Azərbaycanın beynəlxalq arenada oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün verilən humanitar, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərilən dəstək ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artırmışdır. Bundan əlavə, ölkəmizin beynəlxalq təşkilat və təsisatlarda əsas ölkələrdən biri olaraq çıxış etməsi bu deyilənlərə bariz nümunədir. Bu sırada Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və ölkəmizə olan inam bu illər ərzində daha da artmışdır. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermiş ölkədir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması oldu.

Ölkə başçısı ölkəmizin Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, eyni zamanda qonşu ölkələrlə olan münasibətləri haqqında da məlumat verərək əməkdaşlıqların yüksək səviyyədə olduğunu qeyd etdi. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman fəallıq göstərir və Türk dövlətləri ilə əlaqələrin inkişafı ölkəmiz üçün prioritet məsələlərdən biridir. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını bildirən Prezident cənab İlham Əliyev yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənədin - enerji təhlükəsizliyi ilə bağlı sənədin imzalanacağını və bununla da əməkdaşlığın daha yüksək səviyyəyə yüksələcəyini bildirdi.

Son dövrlər ərzində Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də  önəmli addımlar atılmış, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Prezident İlham Əliyevə iki dəfə - həm Müstəqillik Günü ilə bağlı, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı məktub göndərmişdir. Bu, Amerika-Azərbaycan əlaqələrin böyük tarixə malik olmasından, həmçinin əlaqələrin gözəl gələcəyindən xəbər verir.

Müşavirədə Prezident cənab İlham Əliyev Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə diqqət çəkərək cari ilin altı ayında bu istiqamətdə müəyyən addımların atıldığını, lakin hələlik real nəticələrin olmadığını bildirdi. Artıq Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Düzdür, delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilib və bu da ölkəmizin təşəbbüsü ilə baş tutub. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışsa da Ermənistan tərəfi buna o qədər də meylli deyil. Azərbaycan sülh müqaviləsinin imzalanmasında da maraqlıdır və ölkəmizin təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Lakin buna rəğmən, Ermənistan sülhdə maraqlı olmadığını nümayiş etdirir, hətta 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Bununla da Ermənistan müharibədə məğlub edilmiş tərəf kimi öz üzərinə öhdəliklər götürüb. 10 noyabr Bəyannaməsinə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmayıb. Hətta Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması  da yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz.

Prezident cənab İlham Əliyev öz çıxışında Ermənistana bir sıra ciddi xəbərdarlıqlar da etdi. Son vaxtlar Ermənistan rəhbərinin yenə də hansısa status haqqında danışmağa başlamasının bu ölkə üçün çox təhlükəli məsələ olduğunu bəyan edən ölkə başçısı artıq Minsk qrupuna  da ehtiyac olmadığını vurğuladı.

Müşavirədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu. Ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri ölkəmizdə yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda  hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, bir sözlə, lazimi infrastruktur yaradılır. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri də daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir - dördüncü nəsil protezlərlə təmin olunublar. Ölkə başçısı çıxışında bir daha bildirdi ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdırlar.

Dövlətimizin şəhid ailələri və müharibə əlillərinə olan diqqət-qayğısı hərtərəfli, eyni zamanda davamlıdır. Belə ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. Yaxın müddətdə Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min, bu il isə  1500 mənzil və fərdi ev verilmişdir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bundan əlavə, reabilitasiya mərkəzləri yaradılmış və həmin mərkəzlər ən müasir texnologiyalarla təchiz edilmişdir. Müharibə əlilləri, veteranlar, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bütün bu işlərlə bərabər Azərbaycan dövləti Qarabağı və Zəngəzuru yenidən qurur. Özü də heç bir yerdən, heç kimdən yardım almadan bu işlər həyata keçirilir, şəhərlər, kəndlər yenidən qururulur. Dövlətimizin həyata keçirdiyi bu misilsiz işlər isə iqtisadi müstəqilliyinin nəticəsidir. İnkişaf üçün iqtisadi müstəqillik əsas amillərdən biridir. İqtisadi müstəqillik həmçinin siyasi müstəqilliyi təmin edir. Müstəqil iqtisadi və siyasi siyasət yürüdən Azərbaycanın iradəsinə bu gün  heç kim təsir edə bilməz, heç kim ölkəmizə heç nəyi diktə edə bilməz. Həyata keçirilən düşünülmüş siyasət ölkəmizin iqtisadi imkanlarını da davamlı olaraq artırır. Son altı ayda ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Nəticədə əhalinin gəlirlərində təxminən 20 faiz artım qeydə alınıb.