YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin son yarım əsri Ulu Öndərin adı ilə bağlıdır

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Hər bir ölkənin tarixində elə mühüm hadisələr var ki, onlar xalqın və dövlətin gələcəyi üçün həlledici rola malikdir. Hər bir xalqın yetişdirdiyi elə şəxsiyyətlər də var ki, fəaliyyəti və əməlləri ilə təkcə onun tarixində silinməz izlər qoymur, həm də özü tarix yazır. Düz 53 il bundan qabaq, 1969-cu ilin yayında Azərbaycan məhz belə bir tarixi hadisənin şahid oldu və xalqımıza yaxın tarixini yaza bilən misilsiz Lider qismət oldu. Bu baxımdan, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ölkəmizin yaxın tarixində ən əlamətdar hadisələrdən biri hesab edilməkdədir.

Məhz buna görə də heç bir tərəddüdsüz demək olar ki, 14 iyul 1969-cu il Heydər Əliyev dühasının parlamağa başladığı tarixdir. Həmin gün Azərbaycan sovetləşmənin ağrılı dövründən keçib repressiya burulğanında məhv olmaq təhlükəsi və dəhşətli müharibə ilə üzləşdikdən sonra aqrar respublika səviyyəsindən xilas olmaq fürsəti əldə etdi. Ulu Öndərin Azərbaycanda birinci dəfə rəhbərliyə gəlməsindən sonra Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə iri sənaye müəssisələrinin inşa olunması və istifadəyə verilməsi, kənd təsərrüfatı başda olmaqla, digər sahələrdə müasir texnologiyaların tətbiqi, yeni yaşayış massivləri salınması, şəhər, qəsəbə və kəndlərdə genişmiqyaslı abadlıq işləri görülməsi danılmaz faktlardır. Ən əsası da Ümummilli Lider Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə o vaxta qədər aqrar əyalət kimi tanınan Azərbaycanın sənayecə inkişaf edən və heç bir ittifaq subyektindən asılı olmayan respublikaya çevrilməsi, neft sənayesinə müasir texnologiyaların tətbiqi, iri müəssisələrin istismara verilməsi ilə yeni iş yerlərinin yaradılması mümkün olmuşdur. 

Bununla belə, ölkədə tərəqqi və milli özünüdərk prosesinin əsasını qoyan Heydər Əliyev həmin dövrdə Azərbaycanın müstəqil dövlət kimi gələcəyinin təməllərini atmağa başladı. Bu proses ilk növbədə qədim xalqımızın mədəniyyət, ədəbiyyat sahəsindəki irsinin öyrənilməsi, onun cəmiyyətin bütün təbəqələrinə, xüsusilə yetişməkdə olan gənc nəslə çatdırılması ilə müşayiət olunurdu. Eyni zamanda, həmin dövrdə Azərbaycan dilinin inkişafı və onun dövlət dili elan edilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Onun təklifi ilə 1978-ci il Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində belə bir tarixi müddəa öz əksini tapmışdı: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclərinin təhsilə və elmə marağını təşviq etmək üçün onların respublikanın xaricində təhsil almağa, elmi işlə məşğul olmağa və təcrübə keçməyə göndərilməsinə də xüsusi diqqət yetirirdi.

Gənclərin təhsilə, elmə, ədəbiyyata, mədəniyyətə və incəsənətə marağı ilə yanaşı, hərbi sahəyə də diqqət yetirməsinin vacibliyini dərk edən Ulu Öndər bütün maneələrə baxmayaraq, Bakıda hərbi məktəbin yaradılmasına nail oldu. Səlcuqlulardan Səfəvilərə qədər olan şanlı tarixində ölməz sərkərdələr yetişdirən bir xalqı qısa zaman kəsiyində hərb sahəsindən uzaqlaşdırmaq cəhdlərinin qarşısı bu yolla alındı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzu yaradan Ə.Şıxlinsi, S.Mehmandarov kimi sərkərdələrin rəhbərliyi altında qəhrəman hərbçilər yetişdirən xalqımızın övladları bir müddət hərb sənətindən uzaq salınsa da, II Dünya müharibəsində igidlik nümayiş etdirdilər. Ulu Öndər də hələ 1970-ci illərdə atdığı addımlarla sübut etdi ki, Həzi Aslanov, Gəray Əsədov, Qafur Məmmədov, Hüseynbala Əliyev kimi qəhrəmanlar yetişdirən xalqın gənclərinin hərbi təhsil almaq hüququ əlindən alına bilməz. Təsadüfi deyil ki, dahi və uzaqgörən Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirmələri I və II Qarabağ müharibələri zamanı böyük şücaət və igidlik göstərmişlər.

Yuxarıda qeyd edildiyi kimi, Ümummilli Lider ədəbiyyatımızın və mədəniyyətimizin inkişafı, onun ittifaqda və dünyada təbliği üçün mühüm işlər görmüşdür. Mühüm əhəmiyyət daşıyan bu işlər sırasında İmadəddin Nəsiminin 600 illik yubileyinin yüksək səviyyədə təşkili, onun haqqında bədii film çəkilməsi, dahi şairə abidənin ucaldılması, 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılması, “Vaqif poeziya günləri”nin keçirilməsi və digərlərini sadalamaq olar.

Sonda onu vurğulamaq yerinə düşər ki, 1982-ci ildən Moskavada yüksək vəzifəyə təyin edilən Ulu Öndər 14 ilə yaxın birinci siyasi rəhbərliyi dövründə Azərbaycandakı fəaliyyəti ilə əhali arasında elə ciddi nüfuz qazanmışdı ki, müstəqilliyin bərpa edilməsindən sonra ölkədə yaranmış vəziyyətdən xalqımız yeganə çıxış yolu kimi Onun hakimiyyətə qayıtmasını görürdü. Xalqın təkidli tələbi yerinə yetirildi və 11 ildən sonra, 1993-cü ilin bir yay günü Heydər Əliyev Azərbaycana yenidən rəhbərlik etməyə başladı. Bununla da, Azərbaycan bütün bəlalardan xilas olaraq, yenidən tərəqqi və dinc quruculuq dövrünə qədəm qoymağa başladı, Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə ölkə rəhbəri seçilməsi isə Heydər Əliyev siyasi kursunun təntənəsi oldu. Beləliklə, birmənalı şəkildə demək olar ki, Azərbaycan tarixinin son yarım əsri Ulu Öndərin adı ilə bağlıdır.