YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunda şəhid Vüqar Sadıqovun xatirəsi anılıb

Ağstafa rayonunda Tovuz döyüşləri şəhidi Sadıqov Vüqar Lətif oğlunun ildönümündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov və müəssisənin könüllüləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa üzrə nümayəndəliyinin əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri,  şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Mehtizadə Qurban Aydın oğlunun da məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Vüqar Sadıqovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vüqar Sadıqov 2020-ci il iyul ayında Tovuz istiqamətində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sadıqov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.