YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri 

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Eyni zamanda, Azərbaycan Xəzərə dostluq, təhlükəsizlik, sülh və əməkdaşlıq dənizi kimi önəm verir.

Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər və xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. 1994-cü ildə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Regional çərçivədə başlanan əməkaşlıq illər keçdikcə coğrafiyasını daha da genişləndirdi və 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2020-ci ilin 31 dekabr tarixində TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi tam tərkibdə reallığa çevrildi. “Əsrin müqaviləsi”nin  əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi. Əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. Azərbaycanın başladığı hər bir layihəni uğurlu sonluqla başa çatdırması beynəlxalq səviyyədə də təqdir edilir. Belə ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi istiqamətində atdığı addımları ilə liderliyini qoruyur.

İyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı bir daha Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi möhkəmlənən mövqeyinə aydınlıq gətirildi.

Ümummilli lider Heydər Əliyev daim bu çağırışı edirdi ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır. Ulu Öndərin böyük uzaqgörənliklə söylədiyi bu fikirlər həyatda öz təsdiqini tapıb. Məlum olduğu kimi, Xəzərin hüquqi statusu uzun müddət müzakirə mövzusu oldu. Xəzəryanı dövlətlərin ümumi rəyə gələ bilməməsi məsələnin həllini gözləməsini şərtləndirdi. İllər keçdikcə Xəzəryanı dövlətlər arasında iki, yaxud üçtərəfli formatda əlaqələrin genişlənməsi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə  də öz müsbət təsirini göstərdi. Belə ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin iştirak etdiyi çoxsaylı görüşlərin, dövlət başçıları, həmçinin nazirlər səviyyəsində aparılan danışıqların nəticəsi olaraq 2018-ci ilin  avqustunda  Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçıları  tərəfindən “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Tərəflər üzərinə öhdəlik götürdülər. Konvensiyada Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq öz əksini tapıb. Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi göstərilib.

VI Zirvə Toplantısındakı çıxışında dövlət başçısı İlham Əliyev  bildirdi ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. 2018-ci ildə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmsından və perspektivlərdən bəhs edən ölkə Prezidenti onu da əlavə etdi ki,  Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. İqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Xəzərin sahilyanı ölkələr üçün sülh, əməkdaşlıq və dostluq dənizi olduğu artıq gerçəklikdir. Səylərin birləşdirilməsi yeni-yeni hədəflərə və onlara yüksək səviyyədə nail olmağa stimul verəcək. Hazırkı dövrün əsas reallıqlarından biri budur ki, Azərbaycan tarixi Zəfərimizin yaratdığı gerçəkliklərdən biri olan  yeni əməkdaşlıq formatlarının müəllifidir.