YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sosial şəbəkələrdə gənclərin rolu” mövzusunda görüş keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı fəal gənclərin iştirakı ilə “Sosial şəbəkələrdə gənclərin rolu” mövzusunda görüş keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarıb. Qeyd olunub ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.

Partiya fəalları Aynur Qardaşova, Nemət Abdullayev, Rasif Dadaşov və başqaları çıxışlarında belə tədbirlərin xüsusilə gənclərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıblar.