YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq Azərbaycan dünyadan ədalət gözləyən yox, ədaləti bərpa edən bir dövlətdir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsinin başa çatmasından sonra – 1945-ci ilin oktyabr ayının 24-də təsis edilmişdir. Bu təşkilatın yaranmasında əsas məqsəd beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi olmuşdur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra-1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmişdir. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak etmiş, bu beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır. Təəssüf ki, demokratiyadan, ədalətdən dəm vuran beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası, Avropa Parlamenti və digərləri Ermənistanın işğalçılıq siyasətini bugünkü günə kimi kağız üzərində qınamaqdan başqa bir iş etmədilər.

Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir vəzifəsində çalışarkən BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edərək beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməsi üçün mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Cənab İlham Əliyev keçən bu 19 ildə bir çox beynəlxalq təşkilatların tribunalarından haqq səsimizi dünyaya çatdırmışdır. Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün son ana, son günə qədər səbirlə gözlədik.Əslində bu gün Ermənistanın rəzil məğlubiyyətinin, acınacaqlı vəziyyətə düşməsinin bir səbəbkarı da elə bu beynəlxalq təşkilatlardır. Çünki cənab İlham Əliyev dəfələrlə vurğulayırdı ki, lazım gəlsə torpaqlarımızı müharibə yolu ilə işğaldan azad edəcəyik. Və elə də oldu. Prezident İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyünü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü.

44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çox sayda informasiyaya və analitik materiallara rast gələ bilərik. Xüsusilə də, nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Azərbaycan Prezidentinin fikirlərinə və faktlara istinad etməklə Vətən müharibəsi zamanı cərəyan edən hadisələr və proseslərin mahiyyəti barədə geniş məqalələrlə çıxış edirlər.

Bu gün dövlət başçısı cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin edib. Artıq Azərbaycan dünyadan ədalət gözləyən yox, ədaləti bərpa edən bir dövlətdir.