YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlərinin çox böyük əhəmiyyəti var

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfər etmişdir. Prezident İlham Əliyev Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak edib. Səfər çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Məlumat üçün bildirim ki, bu hərbi hissə modul tiplidir, yəni bir yerdən başqa yerə daşına bilir.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladı və hərbçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdikdən sonra, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdi. Prezident İlham Əliyev tədbirdə çıxış etdi. Məlumat üçün bildiririk ki, altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissənin açıldığını, ikinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin sürətlə getdiyini, komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirəcəyini və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək, sərhədlərimizi qorumaq üçün bütün imkanlara malik olduğunu bildirərək, bu gün Silahlı Qüvvələrimizlə fəxr etdiyini, bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd etdiyimizi, işğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağımıza söz verdiyini, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyimizi, Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdiyini söylədi.

Qeyd etmək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşmişdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı yox səviyəsində idi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. Bu gün Azərbaycan Ordusu daha güclüdür, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Bu gün Azərbaycan Ordusunda nizam-intizam mövcuddur, bu gün Silahlı Qüvvələrimiz müasir silahlarla təchiz edilmişdir, Ordumuzda vətənpərvərlik ruhu vardır. Bütün bu amillər 44 günlük Vətən Müharibəsində qələbəmizdə əsas rol oynadı və biz bu gün qalib ölkəyik.

Prezident İlham Əliyevin çıxışında dediyi kimi, biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!