YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər hakimiyyətə gəldikdən sonra respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

1993-cü ilin əvvəlindən başlayaraq Azərbaycan Respublikasının paytaxtında siyasi böhran dərinləşməkdə davam edirdi. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə bir məqamda Heydər Əliyev Azərbaycanın gələcəyi naminə, xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gəldi və fəal siyasi iş aparmağa başladı. İlk növbədə, vəziyyətlə yerində tanış olmaq üçün bir qrup ziyalı ilə birlikdə Gəncəyə yola düşdü. Bütün imkanlarından istifadə edərək silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını aldı. Ölkə parlamentin sədri, baş nazir, güc nazirliklərinin başçıları istefa verməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd edirdilər. Bu ağır anda bütün nəzərlər Heydər Əliyevə dikilmişdi. İyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi  ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev peşəkarlıq və Vətənə sadiqliyini bir daha nümayiş etdirdi və dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”

Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu!

1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvana, Kələki kəndinə getməsi paytaxtda vəziyyəti daha da dramatikləşdirdi. 24 iyun 1993-cü ildən Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürdü. Bu  dövrdə  əhalinin  döyüş ruhunu qaldırmaq, müharibə  dövrünə uyğun  təbliğat  aparmaq, qanunsuz  silahlı  dəstələri  zərərsizləşdirmək üçün lazımi  tədbirlər  görüldü.

İlk növbədə ölkədə separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı. Avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Avqustun 17-də isə Milli Məclis “Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu.

1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz  Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC – Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi. Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq  münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC  hakimiyyətinin  bu sahədə buraxdığı  kobud səhvlər tezliklə aradan  qaldırıldı.

Ulu öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı. Bununlada Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi.