YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Paytaxt Bakı iyunun 17-də daha bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu aktual məsələlərin müzakirəsi baxımından gündəm üçün əhəmiyyətli məqamlarla yadda qaldı. Azərbaycan bir daha sübut etdi ki, siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Bunun fonunda ənənəvi platforma hesab edilən Bakı Qlobal Forumu indiyədək yüzlərlə nüfuzlu xarici qonağı bir araya gətirib, region və dünya üçün önəmli məsələlərin müzakirə tribunası olub. Bu platformada təhlükəsizlik məsələləri, böhran və onunla mübarizə, enerji bazarlarındakı vəziyyət, dünya iqtisadi problemləri və s. əsas müzakirə mövzuları sırasında idi.

Dünyanın bir çox aparıcı ekspertləri də hesab edir ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək.

Ölkə başçısı Bakı Qlobal Forumunda çıxışı zamanı bir sıra məsələlərin anonsunu da vermiş oldu. Prezident bildirdi ki, böhran qaçılmazdır və artıq yaxındadır.

Prezident bunun üçün yol xəritəsini də açıqladı. Ölkə başçısı bildirdi ki, böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar. Əslində bu böhrandan unikal çıxış istiqamətidir.

İlham Əliyev enerji sektorundakı hazırkı duruma toxunaraq, enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmağın çətin olduğunu vurğuladı. Görünən odur ki, mövcud vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır.

Dövlətimizin başçısı xarici məsələlərlə yanaşı, Azərbaycanın Vətən müharibəsindən sonra regionda artan nüfuzu, sülhün təmin olunması istiqamətində müstəsna roluna da toxunub. Prezident qeyd edib ki, Dağlıq Qarabağ mövcud deyil: “Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb”.  

Regionda dəyişən geosiyasi münasibətlər fonunda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyması real və onlara fayda gətirəcək addım olmayacaq. Çünki Azərbaycana da belə durumda Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu qalmayacaq. Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Ölkə başçısının forumda çıxışı zamanı “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?” fikirləri çox önəmli siyasi mesajdır. Ermənistan bundan nəticə çıxarmalı və bölgədə sülhün bərqərar olmasına can atmalıdır. Əks halda tarix boyu olduğu kimi indi də məğlub olan, məhv olmaq təhlükəsi ilə üzləşən dövlət kimi diqqəti üzərinə çəkəcək.