YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf görmək istəyir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda işə başlayan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Prezident cənab İlham Əliyevin himayəsi altında "Qlobal dünya nizamına təhdidlər" mövzusuna həsr olunan və iyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.
Qlobal Bakı Forumunun siyasi aktuallığı bu gün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və bu problemləri yaradan səbəblərin bu və ya digər geosiyasi qütbün maraqlarını ifadə etmədən dilə gətirilməsidir.

Bakı Forumu çərçivəsində keçirilən ilk sessiyada Prezident cənab İlham Əliyev geniş açılış nitqində toxunulan ilk məsələlərdən biri proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunan dəyişikliklər olmuşdur.
"Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib" -deyən, Prezident cənab İlham Əliyev vurğulamışdır ki, "Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər."

Müzəffər xalq, qalib ölkə rəhbəri Ali Baş Komandan, Prezident cənab İlham Əliyev çıxışında qeyd etdi ki, "Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi."

İndi biz sülh haqqında danışırıq. Çünki Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyir. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən cənab İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək demişdir ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz.
Forumda qeyd edilmişdir ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və regionda bir dizbalans yaradır. Zəngəzur dəhlizinin açılması regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün çox vacibdir. Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.

Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də dünyanı ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və əlbəttə ki, yeni yanaşmalara üstünlük verilməsidir. Prezident cənab İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkərək bildirmişdir ki, "Forumda yeni yanaşmaların müzakirəsi indi heç vaxt olmadığı kimi zəruridir. Bu baxımdan, Forumun işində bu dəfə də bəşəriyyəti ciddi çağrışlar qarşısında qoyan problemlərin həllinə münasibətdə yeni yanaşmaların üstünlük təşkil edəcəyinə inanıram və ümid edirəm ki, Qlobal Bakı Forumu həm də bu istiqamətdə müsbət nümunə yarada biləcək."

Bu günümüzün reallığı odur ki, Azərbaycan istər regional, istərsə də qlobal layihələrə mühüm töfhə verməklə, onların keçirilməsində birbaşa rol oynayır və belə tədbirlərdə aparılan müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edir.