YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa bəyannaməsi” - Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Şanlı Zəfərimiz olan 44 günlük Vətən müharibəsi ərzində apardığımız haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi, siyasi dəstəyini və köməyini əsirgəmədi. Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi oldu.

2021-ci il iyunun 15-də Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada iki dost və qardaş ölkə arasında Bəyannamə imzalamaqla, sözün əsl mənasında, tarix salnamə yazdılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu.

Bəyannamədə hər iki ölkə Azərbaycanın və bütövlükdə türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilən görüşün tarixi əhəmiyyətini vurğulayır, aralarında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını ifadə edir, 1994-cü il 9 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol”u, eləcə də 2010-cu il 16 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni rəhbər tutduqlarını bəyan edirdilər. Onlar beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayırdılar.

Qeyd edək ki, sənəddə Azərbaycan və Türkiyə arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin, sadəcə, iki ölkəyə deyil, eyni zamanda regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi vurğulanırdı. Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəkdilər. Azərbaycan Respublikası Türkiyə Cümhuriyyətinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Cümhuriyyətinin terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəklədiyini bəyan edirdi.

Azərbaycan – Türkiyə münasibətlərində o zamanadək rast gəlinməyən belə bir sənədin – Müttəfiqlik münasibətləri haqqında “Şuşa bəyannaməsi”nin imzalanmasının böyük tarixi əhəmiyyəti var idi. Sənədin 15 iyun – Milli Qurtuluş Günündə və Azərbaycan mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanması dərin rəmzi məna daşıyırdı. Məhz 1993-cü il iyunun 15-də  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini itirməkdən, vətəndaş müharibəsindən və separatçılıqla parçalanmaqdan xilas edilmişdi.

Həmçinin “Şuşa Bəyannaməsi”ndə siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər bütün sahələri əhatə edən birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Sənəddə həm tarixi, həm siyasi, həm də hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş şəkildə birgə fəaliyyətin əks olunması hər iki dövlətin milli maraqları baxımından müstəsna əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsində bildirdi ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur və əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur, eləcə də bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Əlaqələrimizin müttəfiqlik səviyyəsinə qalxdığını diqqətə çatdıran dövlətimizin başçısı cənab İlham Əliyev demişdir: “Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir”.

Qeyd edək ki, Bəyannamə 2022-ci il fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə fevralın 12-də “Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Bununla da Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

DİGƏR Xəbərlər Arxiv