YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Senatında Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə fotosərgi təşkil olunub

Pakistan Senatında Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı fotosərgi və ziyafət təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Senatının sədr müavini Mirzə Məhəmməd Afridi, Milli Assambleyanın spikerinin müavini Zahid Əkrəm Durani, senatorlar, millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri və bu ölkənin KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş fotosərginin açılışı olub və qonaqlar sərgi ilə tanış olublar.

Sərgidən sonra təşkil olunmuş ziyafətdə çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü münasibətlə öz təbriklərini çatdırıb. Hər iki ölkənin bir-birini həm ikitərəfli, həm də beynəlxalq arenada dəstəklədiyini qeyd edən səfir qardaş Pakistanın İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi olaraq vurğulayıb, eləcə də bu illər ərzində Pakistan Senatı və Assambleyası tərəfindən Azərbaycanı dəstəkləyən vacib qətnamələrin qəbul olunduğunu diqqətə çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini ifadə edən səfir əlaqələrin bu səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayıb. Xəzər Fərhadov Azərbaycan-Pakistan arasında qarşılıqlı həyata keçirilmiş yüksək səviyyəli səfərləri və bu səfərlərin iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. Səfir, diplomatik münasibətlərin 30-cu ildönümü ərəfəsində Pakistan-Azərbaycan arasında birbaşa müntəzəm reyslərin həyata keçirilməsinin iki dost və qardaş ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirib. Həmçinin çıxış zamanı 15 iyun tarixinin Azərbaycanda Milli Qurtuluş Günü ilə kimi qeyd olunduğunu bildirən səfir, bu tarixin önəmini, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və respublikamızın dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini diqqətə çatdırıb.

Pakistan Milli Assambleyasının spikerinin müavini Zahid Əkrəm Durani çıxış edərək, diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan hökumətinə, parlamentinə və xalqına təbriklərini çatdırıb. İki ölkə arasındakı səmimi münasibətlərə toxunan spiker müavini hər iki ölkənin daima bir-birini dəstəklədiyini ifadə edib. Azərbaycanın Vətən müharibəsindən söz açan Zahid Əkrəm Durani zəfər münasibətilə ölkəmizi təbrik edib və qələbə gününün birinci ildönümünün Pakistan Milli Assambleyasında təntənəli şəkildə qeyd olunmasının Azərbaycan və Pakistan arasındakı qardaşlıq münasibətinin bariz nümunəsi olduğunu vurğulayıb. Spiker müavini, həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib və daha da dərinləşdirilməsinin vacibliyini ifadə edib.

Pakistan Senatının sədrinin müavini Mirzə Məhəmməd Afridi diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibətilə hər iki ölkə hökumətini və xalqını təbrik edib. Azərbaycan və Pakistan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən sədr müavini ölkələrimizin daima bir-birini bütün məsələlərdə dəstəkləməsindən məmnunluğunu bildirib. Mirzə Məhəmməd Afridi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd edərək istər keçmiş Qarabağ münaqişəsi, istərsə də Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, eləcə də Pakistan Senatı və Milli Assambleyası tərəfindən Azərbaycanı dəstəkləyən qətnamələrin qəbul olunduğunu vurğulayıb. Sədr müavini çıxışının sonunda ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin daha da gücləndirilməsinin önəmli olduğunu qeyd edib.