YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi - İki qardaş ölkə arasındakı həmrəyliyin gücünü bütün dünyaya bəyan edən tarixi sənəddir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Şuşa Bəyannaməsi iki ölkə arasında mövcud olan qardaşlığın, birliyin bütün dünyaya bəyan edilməsidir. Dövlətlərarası münasibətlərdə müttəfiq münasibətləri haqqında bəyannamələrin imzalanması vacibdir. Lakin bəyannamənin iki qardaş dövlət arasında imzalanması hər iki ölkənin ictimai rəyi üçün mətni daha da əhəmiyyətli edir. Bu mənada ittifaqı yalnız dövlətlər arasında deyil, xalqlar arasında da ittifaq kimi də təqdim etmək olar. Həqiqətən də, hər iki dövlətin xalqları bu müttəfiqlik münasibətlərini böyük dərəcədə tanıyır, hörmət edir və dəstəkləyirlər. Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində kifayət qədər böyük əhəmiyyətə malikdir və onu hətta tarixi addım da adlandırmaq olar. Bu bəyannamə təkcə Türkiyə-Azərbaycan münasibətləri baxımından deyil, bütövlükdə regionun gələcəyi baxımından çox əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənəddə ilk dəfə olaraq ikitərəfli münasibətlərlə bağlı olmayan məsələlər üzrə bəyanatlardan istifadə edildi. Bu əməkdaşlıq bütövlükdə regionda sabitliyin və sülhün bərqərar olmasını təmin edir, və həmçinin Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın güclənməsinə böyük töhfələr verəcəyi də şübhəsizdir. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti çox böyükdür. Bəyannamənin tarixi əhəmiyyəti də onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələri ilə bağlı məsələlərə toxunacaqdır. Başqa sözlə, bəyannamə iki ölkə arasında həm regionda, həm də beynəlxalq aləmdə iqtisadi-ticarət münasibətlərin sürətlə inkişafına təkan verəcəkdir. Beləliklə, bəyannamədə xüsusi məsələ kimi nəzərdən keçirilən Zəngəzur dəhlizinin açılmasının zərurəti iqtisadi, kommersiya və nəqliyyat problemlərinin həllində mühüm rol oynayacaqdır. Bu dəhlizin açılması həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olacaqdır.

Bəyannamədə hər iki ölkənin iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi, beynəlxalq ticarətdə, logistikada yeni qabaqcıl mexanizmlərin inkişaf etdirilməsi və tətbiq edilməsi, regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və s.haqqında da danışılır. Şuşa Bəyannaməsinin imzalanması ilə regionun inkişafının yeni mərhələsinin təməli qoyuldu. Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə, eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradacaq. Bəyannamənin bu məsələdə ən mühüm aspektlərindən biri də onun hərbi ittifaq məsələlərini əhatə etməsidir. Bu bəyanatla hərbi, siyasi, iqtisadi sahələrdə tərəflərin müttəfiqliyi beynəlxalq hüquq normalarına uyğun olaraq müəyyən edilmiş və bütün dünyaya çatdırılmışdır. Burada əsas mövzulardan biri iki ölkənin hərbi əməkdaşlığı ilə bağlı digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hər hansı təhdid və qəsdlərə qarşılığında iki ölkənin fəaliyyətidir. Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin xarakteri təkcə ikitərəfli münasibətləri əhatə etmir, həm də yeni dövrdə regional və qlobal nəticələrə də malik olacaqdır. İki ölkə arasında iqtisadi və ticarət münasibətləri artır, və onların iqtisadi potensialı genişlənir. Buna əsaslanaraq, regionda aparıcı rol oynayan Türkiyə və Azərbaycan geosiyasi sahədə daha fəal olmağa çalışırlar. Çünki hər iki ölkənin bu istiqamətdə məqsədi regionun sürətli iqtisadi inkişafı, və region xalqlarının firavanlığı üçün şərait yaratmaqdan ibarətdir. Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Əlaqələr siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, bütün digər əməkdaşlıq əlaqələri üçün möhkəm sütun rolunda çıxış edir. Regional əməkdaşlığın həm liderlərin bəyanatlarında, həm də Bəyannamənin məzmununda müttəfiq dövlətlər üçün əhəmiyyətini görmək olar. Əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir. Bütün bunlar özü əyani şəkildə Azərbaycan-Türkiyə münasibətlərinin qarşısıalınmaz və geridönməz xarakter aldığını bir daha təsdiqləyir və sübut edir ki, bu münasibətlər inkişafın ən yüksək, ən sürətli xətti üzrə irəliləməkdədir.