YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin Zəngilan səfəri Azərbaycanın diplomatik uğurları ilə yanaşı, genişmiqyaslı quruculuq işlərinin də göstəricisidir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilan rayonuna son səfəri ilə Şərqi Zəngəzura qayıdışımızın əsası qoyuldu. Amma bunadək görülən işlər xalqın yaddaşından heç zaman silinməyəcək. Bu səfər ilk növbədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin Zəngilan səfərindən paylaşdığı video ilə trendə çevrildi. Videoda Müzəffər Ali Baş Komandan çay kənarında əyləşərək düşünür! Bu görüntünün dəyəri qiymətsizdir. Çünki, təxminən il yarım bundan əvvəl o çayın kənarında gərgin döyüşlər gedirdi, qeyrətli Vətən oğullarımız öz şücaəti ilə torpaqlarımızı yağı düşməndən qarış-qarış təmizlədi. Azərbaycan əsgəri 30 illik Vətən həsrətinə qan tökərək son qoydu. İndi isə Prezident həmin yerdə oturub 30 il ərzində itirdiklərimizi və qazandıqlarımızı düşünürdü.

Prezident İlham Əliyevin Zəngilana səfəri 28 May - Müstəqillik Günü ərəfəsinə təsadüf etdi. Bu səfər zamanı Zəngilanda Ağalı kəndinin açılışının edilməsi ilə Şərqi Zəngəzura qayıdışımızın təməli atıldı. Ağalı kəndinin Müstəqillik Günü ərəfəsində açılışının edilməsi özü də bir rəmzi məna daşıyır. Burada ucaldılan bayraq bir daha enməyəcək. Xalqımızın ruhunu daim ucalara qaldıracaq. Bundan sonra Zəngilandakı ağıllı kənd və qəsəbələr ölkəmizin iqtisadi inkişafında özünəməxsus yerə malik olacaq. Ağalıda 200 ev tikilib, gözəl bir kənd salınıb. Daha 150 ev tikilərək kənd genişləndiriləcək. Kənddə məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bu bir daha sübut edir ki, il yarım bundan əvvəl işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları ilə yanaşı infrastruktur layihələri dayanmadan genişlənir. Zəngilanda tikintisi həyata keçirilən hava limanının inşaat işləri bu il yekunlaşacaq və istifadəyə veriləcək. Rayon ərazisində böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.  Təbii ki, bu işlər böyük zəhmət və maliyyə vəsaiti hesabına başa gəlir ki, bunu Azərbaycan dövləti öz vəsaitləri hesabına reallaşdırır. Azad edilmiş ərazilər dörd Lüksemburq qədərdir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində işğaldan azad edilmiş torpaqlar tezliklə ölkəmizin və bəlkədə Qafqazın ən abad bölgəsi olacaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həm də diplomatik sahədə bir sıra uğurlara nail oluruq. Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi məqsədi ilə hər iki tərəfdən komissiyanın yaradılması və rəsmi İrəvanın Zəngəzur dəhlizinin - həm dəmiryolu, həm də avtomobil yolunun  açılmasına dair ilkin razılığını bildirməsi hadisələrin gedişatında Azərbaycanın diktə edən tərəf olduğunu göstərir. Azərbaycan öz haqq səsinin dünyaya çatdırılması istiqamətində səylərini daha da gücləndirir. Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörən və məqsədyönlü siyasət bunun sübutudur.