YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə qardaşlığının ən unikal nümunəsidir

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik, dostluq,  nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız  bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.  

Mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak   etməsi qeyd etdiyimiz  qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvoludur. “Bir millət, iki dövlət, tək festival” şüarı ilə keçirilən “TEKNOFEST Azərbaycan” festivalı bir çox  tarixi məqamlarla yadda qaldı.  İlk öncə qeyd etmək lazımdır ki, hazırda informasiya texnologiyaların inkişafı, innovasiyalar, alternativ və daha sürətli həll mexanizmlərinin tətbiqi dünyada geniş vüsət alır. Ayrı-ayrı dövlətlər bu sahədə müxtəlif layihələr həyata keçirir. Bakıda keçirilən  bu festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin inkişafına və gənclər arasında təbliğinə töhfələr verəcəkdir. Həmin sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması gənclərimizdə bu sahəyə marağı daha da artıracaq. Prezident İlham Əliyevin dediyi kimi, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Onların hər ikisi gənclər üçün örnəkdir. Elm, texnologiya və innovasiya  dövlətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. Ona görə də  bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və fəaliyyət planları işləyib hazırlamağa ehtiyac vardır.  Bütün bunlar isə bu və ya digər ölkənin insanın və dövlətinin inkişafı deməkdir. Dövlət öz  siyasi və iqtisadi müstəqilliyini qorumaq üçün yüksək texnologiyaya malik  olması, xüsusi ilə özünün istehsal etməsi müstəsna əhəmiyyətə malikdir.  Bu baxımdan “Teknofest Azərbaycan” festivalının mühüm əhəmiyyəti vardır. Digər tərəfdən isə  tədbirin  elmi, iqtisadi imkanların genişləndirilməsi ilə yanaşı, onun siyasi mənasını da qeyd etmək lazımdır.  Belə ki, festivalda çıxış edən ölkə başçıları  təkcə region üçün deyil, həm də dünya ictimaiyyətinə vacib mesajlar verdilər:  Ölkə başçısı İlham Əliyevin “nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”, cənab Rəcəb Tayyib Ərdoğanın  isə “Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”  fikirləri hər iki ölkə başçısının gələcəyə baxışlarının təzahürü idi.  Əlbəttə ki, bunun əsasında Şuşa Bəyannaməsi dayanır.

Bu birlik həqiqətən də bölgədə ədalətlilik prinsipinə əsaslanan münasibətləri reallaşdırır və dünyada gedən geosiyasi proseslər fonunda yeni model  təqdim edir.  Prezident İlham Əliyev Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləri olduğunu qeyd edərək, bildirdi ki, “Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğuladı ki, ”Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir”. Bununla da hər iki dövlət rəhbərlərinin tarixi çıxışlarında səsləndirdikləri prioritet məsələlərə əsasən deyə bilərik ki,  artıq bölgədə yeni bir mərhələ başlayır.