YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Regionda yeni əməkdaşlıq imkanlarına yol açacaq yeni reallıqlar yarandı. Bu reallıqları isə Azərbaycan, onun Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev formalaşdırdı. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti qarşısında Ermənistan geri addım atmağa məcbur oldu. Artıq qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistana da fayda gətirəcəyi barədə bəyanatlar verilir. Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işə olan marağı qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmağa məcbur oldu.

Şanlı Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz  üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Zəngəzur dəhlizinin açılması ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi onun etibarlılığını artıran mühüm faktordur. 

Zəngəzur dəhlizi region üçün böyük strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. 

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir yolu açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər.

Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək.