YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayacaq

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Zəngilan çox bərəkətli torpağa malik olan bir diyardır, gözəl meşələri, təbii sərvətləri, filiz yataqları, çayları və dünyada ikinci, Avropada birinci olan təbii çinar meşələri - saymaqla qurtaran deyil. Təəssüf ki, Zəngilan rayonuda azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmış, Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalmışdısa, bir dənə də salamat kənd qalmamışdı. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmişdi. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları demişdir: “Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.” Bütün azad edilmiş rayonlarda olduğu kimi Zəngilan rayonunda da bərpa prosesi sürətlə davam etdiriləcək, rayon sakinləri yaxın dövrlərdə daha abad müasir görkəmli Zəngilana qayıdacaqlar. Əslində Şərqi Zəngəzurda ilkin bərpa işlərinə məhz Zəngilanda Ağalı kəndinin bərpası ilə start verilib. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan dövlətin planlarını görə bilər ki, azad edilmiş torpaqlar gələcəkdə necə olacaq.

Hazırda Zəngilanda ölkəmiz və işğaldan azad edilmiş ərazilər üçün xüsusi əhəmiyyətə malik bir çox infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu öz əhəmiyyətinə görə bölgənin loqistik inkişafında böyük əhəmiyyətə malik olacaq. Bu gün müzəffər Ali Baş komandan İlham Əliyev cənablarının rəhbərliyi altında keçirilən digər layihələr kimi Zəngəzur layihəsi də bir reallıqdır.  Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol, beynəlxalq bir yol olacaq. Şərqi Zəngəzurdan keçən dəmir yol xətti əhəmiyyətli infrastruktur olacaq, iqtisadiyyatın şaxələndirilməsində böyük əhəmiyyət kəsb edəcəkdir. Keçmiş məcburi köçkünlərin rahatlığı üçün dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa edilir. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq.

Prezident İlham Əliyev cənabları çıxışında xüsusi olaraq vurğulayır: “Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Bildiyimə görə, birzolaqlı kənd tipli bir yol çəkmək fikrində idilər. Biz isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkirik.” Bu gün Zəngilanda, eləcədə işğaldan azad olunmuş digər bölgələrdə tikilən yol inrastrukturu 30 ilə yaxın dogma yurd-yuvasından uzaqda yaşayan soydaşlarımızın rahatlığına və iqtisadiyyatın dirçəldilməsinə xidmət edəcək. Yenidən qurulan rayonlarımızın iqtisadiyyatının bir-biri ilə sıx inteqrasiya şəraitində inkişafına kömək edəcək. Hər birimiz əminik ki, Qarabağda, Şərqi Zəngəzurda kənd təsərrüfatı müəssisələri ilə yanaşı sənaye müəssisələri də qurulacaq və yaxın gələcəkdə bu müəssisələrin məhsulları dünya bazarlarına da çıxarılacaq.