YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dilini sevən Ümumilli lider Heydər Əliyev ana dilinə münasibəti ilə hər kəsə örnək oldu

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Ana dilimiz olan Azərbaycan dilinin bu günə gədər saf, təmiz şəkildə gəlib çıxmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan ümumilli lider Heydər Əliyev hər zaman ana dilinə münasibəti ilə hər kəsə örnək oldu.

Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyəri göstərdi. Keçən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ rəhbərliyi respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi.

Ulu öndər 1978-ci ildə Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan SSR-nin Konstitusiyasının 73-cü maddəsi aşağıdakı redaksiyada verilməsi təklif olunmuşdur. "Azərbaycan SSR-nin dövlət dili- Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində gəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ulu öndər Azərbaycanın SSR-nin tərkibində olan zaman ana dilimizin dövlət dili kimi yaşaması üçün sözün həqiqi mənasında mübarizə apardı. Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün onları səfərbər olmağa çağırırdı. Ulu öndər Heydər Əliyev dilçi alimlərimizə böyük qayğı göstərirdi, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldırılmasını tövsiyə edirdi. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi.

Rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən ulu öndər Heydər Əliyev praktik olaraq ana dilinin mövqeyinin yüksəlməsinə təsir göstərib və başqalarına nümünə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.

Müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi ulu öndər Heydər Əliyevin vaxtı ilə yürütdüyü siyasətin nəticəsi idi. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ana dili məsələsinə müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini işləyib hazırladı.

1995-ci ildə gəbul edilən Konstitusiyamızda Azərbaycan dili milli dövlətimizin rəmzlərindən biri olaraq təsbit edildi. 2001-ci ildə ümummilli liderimizin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında dövlət dilimiz olan Azərbaycan dili bərqərar edildi. Latın qrafikasına keçid prosesi başa çatdırıldı.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən, 1 avqust Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 30 sentyabr 2002-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycanda dövlət dili haqqında" Qanun təstiq olundu. Bu qanunda göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Qəbul edilmiş digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan dilinin qorunmasına, bu dilin təmiz şəkildə nəsillərə ötürülməsinə həsr edib.