YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı durmadan artmaqdadır. Bu münasibətlər daha da inkişaf etdirilir və starateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə gəlib çıxır. Artıq Azərbaycanla starateji tərəfdaş ölkələrdən biri də Qırğızıstandır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 19-20-də ölkəmizə rəsmi səfəri Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər.

Səfər çərçivəsində ölkələrimiz arasında on sənəd imzalandı ki, bu  sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Bu Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və hər iki ölkəni məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Eyni zamanda, imzalanmış sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatdığından xəbər verir.

Dövlətlərarası Şuranın yaradılması əməkdaşlığın səmərəliliyini artıran mühüm amillərdən olacaq və  Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli, daha fəal surətdə müntəzəm müzakirə olunacaqdır. Ölkələrimiz bir çox eyni beynəlxalq təşkilatlarda - Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Türk Dövlətləri Təşkilatında təmsil olunurlar. Hər iki ölkə bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.

Lakin bununla yanaşı bəzi sahələr vardır ki, burada hər iki ölkə öz səylərini birləşdirməlidir. Buna misal olaraq nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməli olduğunu göstərmək olar. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Həmçinin Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu istiqamətdə də səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox böyük ehtiyac var.

Azərbaycan və Qırğızıstan arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biri də kənd təsərrüfatı sahəsidir. İki ölkə arasında imzalanmış sənədlərə uyğun olaraq prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin yaxın vaxtlarda Qırğızıstana səfəri planlaşıdırılır.

Xalqlarımız ortaq mədəni irs və ortaq tarixə malik xalqlardır. Məhz  Azərbaycanla Qırğızıstanı birləşdirən bir çox ortaq dəyərlər ölkələrimizin starteji tərəfdaş olmasını şərtləndirən əsas səbəblərdəndir. Dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Bu sahədə mühüm əlaqələri olan ölkələrimiz mütəmadi olaraq qarşılıqlı təşəbbüslərlə çıxış edir və bir-birini dəstəkləyirlər. Azərbaycanın qədim şəhəri Şuşanın  gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün Qırğızıstan tərəfindən dəstəkləməsi də deyilənlərə əyani sübutdur. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun səfəri zamanı imzalanmış sənədlərə əsasən ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır.