YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanılaların V Qurultayından böyük gözləntilər

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri; professor

Bütün obyektiv çətinliklərə, dünyada gedən qlobal proseslər və onun yaratdığı problemlərə baxmayaraq Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Dövlət  müstəqilliyinin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahələrində qazanılmış nailiyyətlər Azərbaycanın ildən-ilə daha da güclənməsinin bariz göstəricisidir.

Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızın xoşbəxt gələcəyinə böyük inamla baxmağa ruhlandırır, yeni güc, qüvvət verir. Əlbəttə ki, dövlətimizin   hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və ixtiralar hissi doğurur.

Azərbaycanlılar min illiklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Lakin ayrı-ayrı dövrlərdə baş verən müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə ölkələrdə yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hal-hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

Öz doğma yurdunda yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə həmişə maraqlanmış, onlarla əlaqələr yaratmaq arzusu ilə yaşamışlar. Keçmiş sovet dövlətinin qadağaları bu arzunun həyata keçirilməsinə imkan verməmişdir. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycan hamımız üçün əziz bir bayram olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya azərbaycanlıların təşkilatlanması, diaspor quruculuğunda Ümummilli Lider Heydər Əliyevin  böyük rolu olmuşdur. Azərbaycan icmalarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı tanıtmaq üçün müxtəlif tədbirlər görürdü.  Lakin prosesin daha da gücləndirilməsi və davamlı olması üçün Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi zərurəti yarandı. Bununla bağlı 2001-ci ilin may ayında Ulu Öndər "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncam imzaladı. İlk Qurultay 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Həmin Qurultayda çıxış edən dahi şəxsiyyət Heydər Əliyev, tədbir iştirakçılarına müraciət edərək, artıq hər bir azərbaycanlının əzbər bildiyi bir ifadənin səsləndirdi: “Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Əlbəttə bu çağırışda böyük məna var idi.  Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı daim öz kökünü xatırlamalı,  tarixini öyrənməli, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmamalıdır. Hər bir azərbaycanlı Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlidir. Çünki, Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır!

Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm strateji xətti daha da inkişaf etdirir. Dövlət başçısının rəhbərliyi və diqqəti nəticəsində  Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirildi.  2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlandı.  Eyni zamanda,  diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də mühüm əhəmiyyət kəsb etdi.  Bu islahatlar və yeni yanaşma xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması prosesinə layiqli töhfə verdi. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi. (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) yaradıldı.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ̆” Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə 250 artıq azərbaycanlı uşağın ana dilində təhsil alır.

Dünya Azərbaycanlıların 2006-cı il martin 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayları keçirildi. Bütün qurultaylarda iştirak və çıxış edən dövlət başçısının diaspor təşkilatları, dünya azərbaycanlıları qarşısında bir sıra mühüm vəzifələr  qoyurdu.  Bunlardan birincisi, Azərbaycan həqiqətlərinin çatdırılması idi.  Cənab Prezident dəfələrlə qeyd edirdi ki, biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Azərbaycana qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir, mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbuat orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar. Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar. Diaspor təşkilatları bu sahədə ümidləri doğrultdu. Onlar  nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar.  Prezident İlham Əliyev bildirir ki, “bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır”.  Diaspor təşkilatlarımız bu çağırışa çox ciddi yanaşırdılar və müsbət nəticələr də var.  Diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində  davamlı fəaliyyət göstərir.  Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi. 44 günlük Vətən Müharibəsində Qələbə xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Lakin eyni zamanda, Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Bu gün baş verən proseslər bir daha təsdiq edir ki, bu sahədə fəaliyyət davamlı olmalıdır. Diaspor təşkilatları Azərbaycannın dövlət və milli maraqlarınnı müdafizəsində diasporun  xüsusi rolu vardır. Əlbəttə ki, Azərbaycan dövləti də hər zaman öz dəstəyini verir.

Digər mühüm vəzifə isə xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın həmin ölkələrin daxili siyasətinin bir üzvünə çevrilməsi idi.  Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Bu gün çox sevindirici haldır ki, bir çox soydaşımız, həmvətənlimiz  müxtəlif dövlət vəzifələrində çalışır, yerli özünüidarəetmə və parlament seçkilərində iştirak edir, qələbə qazanır. Çünki, məlum məsələdir ki, xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər.

Dünya Azərbaycanlılarının V Qurultayı, torpaqlarımızın işğaldan azad olunduğu dövrə təsadüf edir. Və bu tədbirin  Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Uzun illər idi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir nisgillə, həsrətlə yaşayırdılar. Onlar özlərini həmin ölkələrdə rahat hiss edə bilmirdilər, xüsusilə də ermənilərin təkəbbürlü, onların özünü qalib kimi aparmaları soydaşlarımız üçün çox ağır idi. Lakin artıq onlar başların dik tutur, Qələbənin gətirdiyi sevinci, qüruru yaşayırlar. Şuşa  hər zaman insanları, dəyərləri birləşdirən tarixi Azərbaycan torpağıdır. Və dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının iftixar hissidir. Azərbaycanın mədəniyyət paytaxtı öz doğmalarını böyük sevgi və məhəbbətlə qarşılayacaqdır. Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı  Azərbaycanın lobbiçilik və diaspor fəaliyyətinin daha da güclənməsinə mühüm təkan olacaqdır. Postmüharibə dövründə diaspor təşkilatlarımızın fəaliyyəti  nəzərdən keçiriləcək,  yeni reallığa uyğun vəzifə və öhdəliklər müəyyən ediləcəkdir.

Prezident İlham Əliyevin dediyi kimi: “Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!  Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.