YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük qayıdış proqramının ilk mərhələsi artıq reallaşdırılmaq üzrədir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri  

Uzun illər işğal altında qalmış kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası ilə bağlı planların icra olunacağını açıqlayan Prezident cənab İlham Əliyev Qarabağa ilk səfəri zamanı düşmənin yerlə-yeksan etdiyi tarixi torpaqlarımızda quruculuq işlərinə başlanacağını bəyan etmişdi.

Bütün Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan tarixi səfərlər çərçivəsində Prezident cənab İlham Əliyev Füzuli, Cəbrayıl şəhərlərində, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırmaqla yanaşı, bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparan Füzuli-Şuşa avtomobil yolunun və ya “Zəfər” yolunun da təməlini qoydu. Bu layihə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən birinci layihə olduğu üçün onun icrasının xüsusi tarixi əhəmiyyəti var. Təxminən bir il ərzində reallaşan bu layihənin digər üstünlüyü Şuşaya getmək imkanlarının asanlaşdırılması oldu.

Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa, yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir.

Ölkə Prezidenti cənab İlham Əliyevin ötən bir il ərzində işğaldan azad edilmiş rayonlara etdiyi bütün səfərlər və bu səfər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Bütün bunlara görədir ki, müharibənin bitməsindən çox az vaxtın keçməsinə baxmayaraq, Böyük qayıdış proqramının ilk mərhələsi artıq reallaşdırılmaq üzrədir. Azərbaycan müharibədən yeni çıxan ölkə olsa da, onun sürətlə apardığı yenidənqurma işləri bu gün uğurla davam etdirilir.

 Bu cür sosial infrastrukturların pərpası işləri Ağdam rayonunda da davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 13-də Ağdam rayonuna səfəri zamanı bir sıra obyektlərin təməlinin qoyulması, bəzilərinin açılışlarının edilməsi Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsinin əyani təzahürüdür. Rayonda aparılan bərpa və quruculuq işləri Ağdamın tezliklə nəinki Azərbaycanın, həmçinin regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Əminik ki, qısa müddət ərzində görülmüş mühüm işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.