YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmünaqişə dövrü ilə bağlı bütün planlar mərhələli şəkildə yerinə yetirilir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər bir daha sübut etdi ki, qarşımızda duran bütün vəzifələr uğurla icra edilmişdir. Belə ki, 44 günlük Vətən Müharibəsindəki Zəfərdən sonra əsas məqsədlərimizdən biri azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi ki, bu istiqamət üzrə nəticələr göz qabağındadır. Keçmiş məcburi köçkünlərin geri öz torpaqlarına qayıdışı zamanı onların orada rahat, firavan yaşaya bilmələri üçün Qarabağ və Zəngəzurun nümunəvi bölgə kimi inkişaf etdirilməsi, eyni zamanda bu inkişafın dünya üçün bir nümunə olması əsas prioritet olaraq ortaya qoyulubdur.

Artıq azad edilmiş torpaqlarda indi böyük əkin işləri aparılır. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılır və bu il 50 min hektarda əkin aparılması nəzərdə tutulub. Həmçinin işğaldan azad edilmiş şəhərlərin baş planlarının hazırlanması yönümündə işlərin aparılması əsas məsələ olaraq ön plandadır. Və artıq Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin baş planları isə hazırlanma mərhələsindədir.

Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. Artıq Şuşada bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyulub. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. “ASAN xidmət”, DOST mərkəzi açılacaq. Həmçinin, Şuşada yaşayış məhəlləsinin təməli qoyulub, evlərin inşasına start verilib. Yeni beşulduzlu otelin inşası üçün yer seçilib.

Eyni zamanda da Şuşa şəhərinin içməli su layihəsi prioritet məsələdir, artıq Şuşada insanlar yaşayır, həmçinin yaşayış binaları da tikilir və tezliklə insanlar ora qayıdacaqlar. Ənənə halına almağa başlamış “Xarıbülbül” festivalı gələn ay dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərinin iştirakı ilə yenidən keçiriləcəkdir.

Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər davam etdirilir. Keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa edilməsi nəzərdə tutulub ki bu stansiyaların da gücü 27 meqavata bərabər olacaq. Cəbrayıl və Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı da həddindən artıq böyükdür.

Bərdə-Ağdam Dəmir yolunun inşası da mühüm məsələ olaraq gündəmdədir. Belə ki, Bərdə-Ağdam Dəmir yolu gələn il istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa ediləcək. Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməsi ön plandadır. Laçın Beynəlxalq Hava Limanının inşası isə 2024-cü ilə planlaşdırılır.

Sosial obyektlər üzrə üç məktəbin, hər birinin də şagird kontingenti 960 yerlik olmaqla inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəb. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri genişmiqyaslıdır, bütün işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir ki, bu da ölkəmizin gücünü, qüdrətini, gələcəyə hesablanmış siyasətin uğurlarını nümayiş etdirir.

Bütün bu kimi işlər onu deməyə əsas verir ki, Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar mərhələli şəkildə yerinə yetirilir və Azərbaycan iqtisadiyyatı 2022-ci il əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalacaq.