YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə Əliyeva tarixə yalnız istedadlı alim, klinist və elm təşkilatçısı deyil, eyni zamanda gözəl pedaqoq və tərbiyəçi alim kimi də daxil olmuşdur

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, “91-lər”dən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Ədalət Fərəcov

Zərifə xanım istedadlı alim, görkəmli ictimai və dövlət xadimi, Azərbaycanda səhiyyənin qurucusu Əziz Əliyevin ailəsində 1923-cü il 28 apreldə Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmışdır. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısında məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktikası fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirəndən sonra 1947-1949-cu illərdə Moskva  şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisasartırma kursunda həkim-oftalmoloq kimi fəaliyyət göstərir. 1950-1953-cü illərdə aspiranturada təhsil almış və Azərbaycan Oftalmologiya institutunda o vaxtlar Azərbaycanda  insanlar arasında geniş yayılmış görmə orqanının ən qorxulu  xəstəliklərindən olan traxoma infeksion xəstəliyinin müalicəsi istiqamətində uğurlu elmi-tədqiqat işləri aparmışdır. Traxoma xəstəliyi görmə qabiliyyətinin zəifləməsi və hətta tam kor olma kimi ağır fəsadlarla nəticələnir. Zərifə xanımın traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı yeni olan antibiotiklərin tətbiqindən səmərəli istifadə etməyi bacarmış və apardığı tədqiqat işlərinin nəticələrini ümumiləşdirib, 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda nəzəri və praktik dəyərinə görə mühüm əhəmiyyət kəsb edən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Deyilənlərlə əlaqədar olaraq qeyd etmək lazımdır ki, traxoma xəstəliyinin kompleks effektli müalicəsi və Azərbaycanda bu xəstəliyin ləğv edilməsi sahəsindəki xidmət bilavasitə Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

Keçən əsrin 60-cı illərində Zərifə xanım keçmiş Sovetlər İttifaqında ilk həkim oftalmoloqlardan olmuşdur ki, görmə orqanının peşə patologoyasının öyrənilməsi istiqamətində geniş tədqiqat işi aparmışdır. Elmi-tədqiqatda mənimsənilən yenilikləri praktik oftalmologiyaya tətbiq etməyi müstəsna məharətlə bacarmışdır. Bu vaxtdan başlayaraq Zərifə xanım Azərbaycanın bəzi kimya sənayesində işçilərin görmə orqanının vəziyyətinə zəhərli kimyəvi maddələrin zərərli təsirini öyrənmişdir. Aşağı konsentrasiyalı stirol, tetraxloretilen buxarının, pestişitlərin və başqa peşə istehsalat faktorlarının orqanizmə təsiri nəticəsində görmə orqanının morfologiyasında və funksiyasında yaranan dəyişimələrin səviyyəsinə aid tədqiqat materialları 30-dan artıq elmi iş şəklində ən nüfuzlu jurnallarda çap olunmuşdur.      

Zərifə xanım heç vaxt qazandığı uğurlarla kifayətlənməyib, apardığı tədqiqatın mövzusunu daha da zənginləşdirmiş və dünya praktikasında ilk dəfə olaraq aşağı konsentrasiyalı faktorların görmə orqanına erkən xroniki təsirini aşkar etmişdir. Zərifə xanım apardığı fundamental tədqiqat işlərinin nəticələrinə əsasən  “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə orqanının  vəziyyəti” mövzusunda doktorluq dissertasiyanı ümumiləşdirmiş və müdafiəyə təqdim etmişdir. O, 1976-cı ildə Moskvada Helmhols adına Elmi - tədqiqat göz xəstəlikləri İnstitutunda Tibb elmləri doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Zərifə xanımın və onun rəhbərliyi altında çalışan elmi oftalmologiya məktəbinin əməkdaşları  bütün hallarda kliniki - eksperimental  istiqamətdə fəaliyyət göstərmişdir. Zərifə xanım həmişə görmə orqanının peşə patologiyası ilə əlaqəli aparılan elmi-tədqiqat işlərində müvəffəqiyyət qazanmaq üçün xəstəni və onun fəaliyyətinin fiziki metodların vasitəsilə öyrənmək azdır qənaətində olunmuş və eyni zamanda xəstənin orqanizminin fizioloji vəziyyətini, biokimyəvi göstəricilərini, metabolizm proseslərinin də, ətraf mühitlə əlaqəli şəkildə öyrənilməsinə müstəsna əhəmiyyət vermişdir. Bu xüsusiyyətlər onun oftalmologiya sahəsində  digər görkəmli mütəxəssislərlə olan elmi əməkdaşlıq yaradıcılığında da özünü daha yüksək səviyyədə göstərmişdir. Zərifə  xanımın Rusiya Təhsil sonrası Akademiyasının “Oftalmologiya” kafedrasının müdiri, professor L.K.Moşetova, Rusiya İridologiya Assosiasiyasının vitse-prezidenti professor N.B.Şulpina və digər görkəmli oftalmoloq mütəxəssisləri ilə olan elmi əməkdaşlıq münasibətləri daha məhsuldar olmuşdur. 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Plenumunun Bakıda keçirilməsinin alim oftalmoloqların elmi yaradıcılıq münasibətlərinin formalaşmasında,  həmçinin də elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna əhəmiyyəti olmuşdur.

Professor Zərifə Əliyeva elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, daha effektli elmi-pedaqoji işlərin təşkilinə müstəsna əhəmiyyət vermişdir. Belə ki, 1979-cu ildə Zərifə xanımın müəllifliyi ilə "Gözün herpetik xəstəliyi" və "Kəskin viruslu konyuktivit" dərs vəsaitləri çap olunmuşdur. 1980-ci ildə professor Zərifə Əliyevanın üç monoqrafiyası çap olunmuşdur:  "Şin istehsalında gözün peşə patologoyasının", "Görmə sisteminin anatomik - fizioloji hidrodinamikasının xüsusiyyətləri” (professor N.B.Şulpina ilə birlikdə), həmçinin də 1981-ci ildə "Xroniki yod intoksikasiyasının oftalmologiyası". Elmi-pedaqoji və elmi kadrlar hazırlanması sahəsindəki xidmətlərinə görə 1980-ci ildə Zərifə Əliyevaya Azərbaycanın Əməkdar elm xadimi adı verilmişdir. 1981-ci ildə istehsalat faktorlarının görmə analizatorunun morfoloji və funksional vəziyyətinə zədələyici təsirinin öyrənilməsi, onların profilaktikası, erkən diaqnostikasının və müalicəsinin icrası sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin nəticələrinə və çap olunan əsərlərinə görə professor Zərifə Əliyeva  M.İ.Averbax  adına SSRİ Tibb Elmləri Akademiyasının mükafatına layiq bilinmişdir. Elmi xidmətlərinin nəzəri və praktik dəyərini yüksək qiymətləndirərək 1983-cü ildə tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının Həqiqi üzvü seçilmişdir.

Zərifə Əliyeva dünya tibb elmində aparıcı alimlərdən biri kimi tanınmış və yüksək hörmət qazanmışdır. Akademik Zərifə Əliyeva mühüm ictimai işlər aparmış: Ümumi İttifaq oftalmologiya cəmiyyəti İdarə Heyətinin və Ümumittifaq “Bilik” cəmiyyəti İdarə Heyətinin, həmçinin də keçmiş Sovetlər İttifaqında Sülhü müdafiə komitəsinin üzvü və Azərbaycanda Sülhü müdafiə komitəsi sədrinin müavini olmuşdur.

Akademik Zərifə Əliyeva elmi uğurlarına, elmi pedaqoji və dövlət səviyyəli təşkilatı qurumlarda aktiv iştirakına görə orden və medallarla təltif olunmuşdur.

Zərifə Əliyeva tarixə yalnız istedadlı alim, klinist və elm təşkilatçısı deyil, eyni zamanda gözəl pedaqoq və tərbiyəçi alim kimi də  daxil olmuşdur. O, Azərbaycanda ən aparıcı oftalmologiya elmi məktəbini yaratmışdır. Onun rəhbərliyi altında yüzlərlə həkim oftalmologiya elminin sirlərinə yiyələnmiş və çox sayda insanların sağlamlığını bərpa etmiş və onları faydalı əməyə qaytarmışlar.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları  çoxdur. Ancaq bu adlar sırasında ən ucası və daha şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin anasıdır. Zərifə xanım az yaşadı. O, özünün yüksək istedadı, həyat enerjisi sayəsində gələcəkdə daha çox elmi yeniliklər görə bilərdi. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-i Moskva şəhərində əbədiyyata qovuşub. Zərifə xanım Əliyevanın dəyərli və praktik elmi irsi 14 monoqrafiyada, 150-dən artıq fundamental məqalədə Moskvada, Bakıda və xarici ölkələrdə çap olunub. Görkəmli alim - oftalmoloqun elmi irsi bütün tarixi dövrlərdə gənc alimlər üçün fədakarlıq nümunəsi elmə, xalqına və vətənə xidmətin yüksək meyarı olaraq öz aktuallığını saxlaya biləcəkdir.

Zərifə xanımı yaxından tanıyan elm və mədəniyyət xadimləri, həkim-kolleqləri onun xidmətlərini həmişə yüksək qiymətləndirmişlər. Məsələn, dünya şöhrətli oftaloq alimlıər – Rusiya Tibb Elmlər Akademiyasının akademiki A.P.Nesterov, professor L.K.Moşatova, professor N.B.Şulpina, akademik M.Cavadzadə, professorlar Z.Quliyeva, Q.Nəsrullayeva, M.Sultanov və b. Azərbaycan elmi - ictimaiyyəti akademik Zərifə xanım Əliyevanın xatirəsini uca tutur və fəaliyyətini yüksək qiymətləndirir. Akademik Zərifə Əliyevanın adı liseylər, kolleclər və Universitetlər üçün yazılan müvafiq dərsliklərə və tərtib olunan fənn proqramlarına daxil edilmişdir.

Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri institutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonunun ərazisində Zərifə xanımın adına park salınmışdır. Bakı və Naxçıvanda Zərifə Əliyevanın adını daşıyan küçə var. Bakı şəhəri Yasamal rayon ərazisində akademik Zərifə Əliyevanın adını daşıyan Lisey fəaliyyət göstərir.