YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmüharibə dövründə Azərbaycan regionda sülhün dayanıqlı şəkildə bərqərar olması istiqamətində önəmli addımlar atır

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Postmüharibə dövründə Azərbaycan regionda sülhün dayanıqlı şəkildə bərqərar olması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından Prezident İlham Əliyevin rəhbərliyi altında önəmli addımlar atır. Tərəflər arasında bu istiqamətdə çevik və effektiv qərarların alınmasını ehtiva edən bir sıra görüşlər və təmaslar aparılır ki, onlardan mühüm rola malik olan format Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla keçirilən görüşləridir. 14 dekabr 2021-ci ildə ilk belə formatda görüş keçirilib ki, bununla da, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub.  

Aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı keçirilən görüşlər və alınan qərarlar ölkəmizin milli maraqlarının ardıcıl və məqsədyönlü siyasət əsasında təmin olunması baxımından növbəti böyük diplomatik uğur oldu. Brüssel formatı çərçivəsində üçtərəfli qaydada keçirilən növbəti görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılmasına dair razılaşma əldə olundu. Alınan qərarda və tərəflərə verilən təlimatlarda Azərbaycanın ərazi bötüvlüyü, eyni zamanda Azərəbaycan tərəfindən irəli sürülən 5 maddə sözügedən sənəddə əsas komponentlərdir. Tərəflər arasında sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasına dair əldə olunan razılıq, sərhədlərin delimitasiya prosesinə başlanmasını həyata keçirməklə sərhəddə gərginliyin aradan qaldırılmasına xidmət edəcək.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasında Avropa İttifaqına etimad göstərməsi, qurumun ən böyük siyasi-iqtisadi mərkəz olaraq qərəzsiz və bitərəf nüfuz qazanması ilə əlaqədardır. Brüsseldə son görüş çərçivəsində həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. O cümlədən, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması üzrə qərarların alınması Avropa İttifaqının dəstəyini ifadə edir.

Sənəddə diqqət çəkən digər önəmli məqam burada “Dağlıq Qarabağ” ifadəsi və ya lazımsız təsisata çevirilən ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad edilməməsidir. Bu isə öz növbəsində Avropa İttifaqının Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etməsini və öz mövqeyində artıq yeni yanaşmaya əsaslandığını göstərir.