YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövləti diplomatik müstəvidə danılmaz qələbələrə imza atır

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ölkə başçısı cənab İlham Əliyevin apardığı danışıqlar və həyata keçirdiyi görüşlər nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi formalaşıb. Bu formatda ilk üçtərəfli görüş ötən il dekabrın 14-də keçirilib, bununla da cənab Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Ötən dövr ərzində proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

Aprelin 6-da cənab Prezident İlham Əliyevin Brüsselə növbəti dəfə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlərdə əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun olmasının göstəricisidir. Görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb ki, məsələ ilə əlaqədar artıq Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar da verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin əsasında danışıqların aparılmasıdır.

Tərəflər ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılığa gəliblər ki, bununla da əlaqəli sərhəd məsələləri üzrə birgə komissiya yaradılacaq. Delimitasiyanın nəticəsi isə sərhəddə gərginliyi aradan qaldırmış olacaq. Bundan əlavə, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alınıb.

Qəbul olunmuş sənəddə “Dağlıq Qarabağ” ifadəsi və keçmişin qalığı olan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna istinad olunmaması onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Artıq münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir. Qərəzsiz və bitərəf olduğu üçün hər iki ölkə ona etimad göstərir. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artıb. Bundan əlavə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə cənab Prezident İlham Əliyev arasında olan intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılmasını şərtləndirən mühüm amillərdir.

Bir sözlə, cənab Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir. Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri artıq iflasa uğrayır. Azərbaycan dövlət isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət nəticəsində diplomatik müstəvidə danılmaz qələbələrə imza atır.