YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli maraqlarımızın təmin olunmasında növbəti böyük uğur

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə baş tutan səfəri ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Bu səfər zamanı Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyevin keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində postmüharibə dövrünün yeni formatı – Brüssel sülh gündəliyi yaranıb. Belə ki, ilk üçtərəfli görüş 44 günlük müharibə başa çatandan bir il sonra 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamlılığını təmin etmək üçün tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

Əvvəlki görüşlərin davamı olaraq aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi əsas məqam kimi diqqəti cəlb edir. 

Birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub, bunu üçün tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaratmağı qərara alıblar. Bu proses reallaşdığı təqdirdə sərhəddə gərginlik aradan qaldırılacaq. Həmçinin son görüşün nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, itkin düşmüş şəxslərin tapılmasında, eləcədə Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstəriləcək.

6 aprel görüşü infrastruktur layihəsi müstəvisində əməkdaşlıqla bağlı işlərin sürətləndirilməsinə zəmin yaradıb. Belə ki, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb. Bu proses reallaşacağı təqdirdə regionun iqtisadi inkişafı istiqamətində geniş perspektivlər açılacaq.

Avropa İttifaqı Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə qoşulmasından sonra hazırlanan sənədlərdə ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb

Bu gün Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, hər zaman öz qərəzsizliyini və bitərəfliyini qoruyub saxlamağa çalışır. Hazırki reallıqda həm Azərbaycan və Ermənistan ona etimad göstərir. Avropa İttifaqı yerinə yetirdiyi missiyası ilə ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını qarşısına məqsəd qoyub ki, bu istiqamətdə nəaliyyətlər əldə etməyə yaxındır.

Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Respublikası Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.