YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ölkəmizin həyata keçirdiyi enerji layihələri, beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində də fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir. Cənab Prezidentin təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinin göstəricisidir.  

Eyni zamanda Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri daha da inkişaf etdirməkdən ibarətdir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib.

2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəd ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynadı. Bu sənədin imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirmək istəyir.

Səmərəli və konstruktiv əməkdaşlıq baxımından son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə intensiv dialoq və təmasları Azərbaycanın Avropa İttifaqı ilə  səmərəli əməkdaşlığı şərtləndirir.

Məhz Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi aprel ayının 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Dövlət başçsının bu görüşdə iştirakı və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı ki bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu. 

Regionda ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində keçirilmiş 4 saat yarımdan artıq davam edən görüşdə əldə edilmiş nəticəyə əsasən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsas komponenti olan Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin delimitasiya prosesinə başlaması kimi razılıq əldə olunub ki, bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.

Eyni zamanda da Avropa İttifaqının dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.

Ən əsası bu görüş və danışıqlar ölkə başçısının postmünaqişə dövründə  Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Aydın məsələdir ki, Avropa İttifaqı İlham Əliyevin regional liderliyini qəbul edir. Azərbaycan Prezidenti ilə yaxın təmaslarını da Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil hesab edir ki bu da cənab Prezidentin dünyada böyük nüfuzunun göstəricisidir. Və artıq Ermənistanda gedən müzakirələr də onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və bundan sonra Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayacaqdır.