YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın sürətlə və keyfiyyətlə bərpası Azərbaycanın iqtisadi gücünü bütün dünyaya nümayiş etdirir

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə ərazilərimizin acınacaqlı vəziyyətə salındığını,  kənd və şəhərlərin yerlə-yeksan edildiyini, yerüstü və yeraltı sərvətlərin talan olunduğunu, həmçinin tarixi-dini abidələrin izlərinin barbarcasına silindiyini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın bütün bu dağıntıları qətiyyətlə aradan qaldıracağını,  dövlətin dəstəyi və köməyi ilə orada keçmiş məcburi köçkünlər üçün hər cür şərait yaradılacağını xatırladıb.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru  Emin Bağırov söhbətində daha sonra deyib: –Vətən müharibəsindən ötən müddətdə düşməndən təmizlənən ərazilərimizin bərpas prosesi xüsusi diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bütün layihələrin icrasına mühüm önəm verib. Bunun üçün işğaldan azad edilən şəhər və rayonlarımıza ardıcıl səfərlər edərək, orada görülən işlərin gedişi ilə maraqlanıb, qarşıya çıxan vəzifələrin yerinə yetirilməsi zamanı üzləşilən problemlərin həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıq və tövsiyyələr verib. Həmçinin bərpa-yenidənqurma tədbirlərinin daha da sürətləndirilməsi üçün müəyyən sənədlər imzalayıb.

Bu günlərdə düşməndən təmizlənən ərazilərdə müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, bərpa-quruculuq işlərinin gedişi zamanı qarşıya çıxan çətinlikləri aradan qaldırmaq  məqsədi ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Qarabağa səfər edərək,  Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçirib. Nümayəndə heyəti, eyni zamanda, Xocavənd rayonununun Tuğ və Hadrut yaşayış sahələrində aparılan quruculuq işləri ilə də yerində tanış olub. 

Bu səfər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icra vəziyyəti haqqında aydın təsəvvür yaradıb. Burada görülən işlərin sırasında düşmənin işğal dövründə “barıt çəlləyi”nə çevirdiyi ərazilərin minalardan təmizlənməsi xüsusi yer tutub. Bu ağrılı prosesin geniş miqyasda aparılması, şübhəsiz ki, tikinti-quruculuq işlərinin sürətini də artırıb. Yeri gəlmişkən, ərazilərin minalardan təmizlənməsi ilə bağlı   aydın təsəvvür yaranması barədə diqqəti bir fakta yönəltmək istərdim. Belə ki, Müdafiə Nazirliyinin məlumatına görə, Mühəndis Qoşunları Qarabağda bu proses başlayandan indiyədək 14 min hektardan artıq ərazini minalardan tam təmizləyib. Təkcə fevralın 1-dən martın 3-dək olan dövrdə 870 hektardan artıq ərazidə əməliyyat başa çatdırılıb, 227 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib. 

Nümayəndə heyətinin Qarabağa səfəri çərçivəsində Horadiz-Ağbənd dəmir yolunda görülən işlərlə tanış olması da xüsusi diqqət çəkib. Ona görə ki, İkinci Qarabağ savaşı parlaq qələbəmizlə başa çatandan sonra bu sahədə genişmiqyaslı işlərə başlanılıb və layihənin icrası möhtərəm Prezidentimizin diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, ötən müddətdə çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizini şərtləndirən dəmir və avtomobil yollarının salılınmasında qarşıya qoyulan vəzifələrin gerçəkləşdirilməsi istiqamətində xeyli iş görülüb. Belə ki, dəhlizinin fəaliyyətində xüsusi rol oynayacaq dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizdən çoxu tamamlanıb.

Sonda qeyd etmək istərdim ki, Zəngəzur dəhlizinin reallaşması ölkəmizin digər tranzit nəqliyyat dəhlizləri ilə birgə dünyanın nəqliyyat xəritəsinin yenidən formalaşmasına xidmət edəcək. Eyni zamanda, yeni yaradılan bu  nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək.