YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Azərbaycanın çağdaş dövlətçilik tarixində misilsiz xidmətləri var

Məlahət İbrahimqızı

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Bildiyimiz kimi, keçən il 5 mart 2021-ci il tarixində ulu öndəri Heydər Əliyevin xeyir-duası və müdrikliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilmişdir.  Bu Qurultay ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar və tarixi hadisələrin baş verdiyi, eləcə də əsaslı islahatların həyata keçirildiyi dövrdə baş tutdu. Əlbəttə, bu təsadüfi deyildi. Məlumdur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər həm bölgədə, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdı. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmizdə son illərdə bütün sahələrdə çox sürətlə uğurlu islahatlar həyata keçirilir. Bu islahatların uğurlu nəticələrinə görə respublikamız dünyada islahatçı dövlət kimi tanınır. Bütün sahələri əhatə edən islahatlar sözsüz ki, ölkəmizin siyasi isteblişmentindən də yan keçə bilməzdi. Son iki-üç ildə çoxpartiyalı olan ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiyanı da məhz bu islahatların tərkibi kimi qəbul etmək lazımdır.

Sözsüz ki, hər bir siyasi partiya üzvləri, xüsusilə də lideri ilə tanınır. Bu mənada, dünyanın tanınmış, müdrik siyasətçisi cənab İlham Əliyevin əzəmətli şəxsiyyətində Partiya daha böyük nüfuza malikdir. Mübaliğəsiz deyə bilərik ki, bölgənin ən böyük siyasi partiyasının sədri, Müzəffər Ali Baş Komandanımız, görkəmli dövlət adamı, uzaqgörən diplomat möhtərəm Prezident İlham Əliyev eləcə də, YAP sədrinin birinci müavini, Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva partiyanın fəaliyyətinə çox böyük töhfələr verirlər. Bunun nəticəsidir ki, YAP ildən-ilə daha da güclənir və zamanın çağırışlarına daha çevik cavab verir. Yəni, YAP-da islahatların baş verməsini təbii proses kimi qəbul etmək olar və bu zəruri idi. Otuz ilə yaxın müddətlik iqtidar dönəmində böyük uğurlara imza atmış Yeni Azərbaycan Partiyasında islahatların keçirilməsi və kadr dəyişikliyinin olması faktı da elə digər partiyalara nümunədir. 30 illik yubileyi keçiriləcək YAP çox şərəfli, sınaq dolu bir yol keçib. Heç də əbəs deyil ki, uzaqgörən ulu öndər Heydər Əliyev Partiyanı dünənin, bu günün və gələcəyin partiyası adlandırıb. YAP ölkəmizin ən ağır günündə sosial sifarişdən və zərurətdən doğan bir partiyadır. 700 mindən çox üzvü olan YAP-ın iqtidar dövründə respublikamızda beynəlxalq səviyyəli onlarla misilsiz uğurlara imza atılıb. Bu gün hər bir partiya üzvü iftixarla deyə bilər ki, YAP-ın iqtidarı ilə ölkəmiz dünyanın nüfuzlu ölkələri arasındadır.

Partiyamız istər xalqımızın ümummilli lideri Heydər Əliyevin, istərsə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyində çoxsaylı uğurlara imza atıb. Qeyd etdiyim kimi, YAP ən çətin, mürəkkəb və ölkədə cərəyan edən böhranın, vətəndaş müharibəsinin, separatizmin, işğalın olduğu dövrdə hakimiyyətə gəlib.  Və iqtidara gəldiyinin ilk illərində Partiyamız Azərbaycanda bir neçə dəfə baş vermiş dövlət çevrilişinə cəhdin qarşısını alıb. YAP iqtidarı 1993-cü ildə ölkəmizdə vətəndaş müharibəsinin qarşısını almışdı. Bütün bunları xatırladıqca bu tarixin şahidləri və müasirləri kimi YAP-ın Azərbaycanın çağdaş dövlətçilik tarixində nə qədər misilsiz rolu və xidmətləri olduğunun deyə bilərik. Xalqımız Partiyamızın bu fədakar xidmətlərini, onun şərəfli və keşməkeşli tarixini heç vaxt unutmayacaq, əksinə gələcək fəaliyyətində tarixi təcrübə hesab edəcəkdir. Nəticə olaraq, Yeni Azərbaycan Partiyası iqtidarı xalqımızı xaosdan, vətəndaş müharibəsindən, fəlakətdən qurtararaq, erməni faşizmi üzərində əfsanəvi qələbə qazanıb. Bir daha vurğulamaq istərdim ki, YAP çox şərəfli, keşməkeşli və həm də işıqlı bir yol keçib. Əbədiyyətədək davam edən bu yol Qurtuluşdan başlayan şərəfli Zəfər yoludur.