YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çox təəssüflər olsun ki, qara qüvvələrin hədəfləri öncə gənclər olur

Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Gənclər sahəsinə göstərilən diqqət və qayğı gələcəyə yatırılmış sərmayədir. O, öz nəticəsini illər sonra mütləq verəcəkdir. Belə ki, ulu öndər Heydər Əliyevin 25 il əvvəl verdiyi müdrik qərarlar sayəsində Azərbaycanda gənclər sahəsi inkişaf edərək müasir gəncliyimiz yetişmişdir. Vaxtı ilə gənclərin şəxsi inkişafları və dövlət idarəetməsində gənclərin rolu ön plana çəkilməsə idi, bu gün biz müstəqil Azərbaycanın inkişafında birbaşa və bilavasitə rol oynayan bir çox gənci itirmiş olardıq. Gənclərə qarşı diqqət, qayğı və sevgi ulu öndər Heydər Əliyevin müasir dövlətçiliyimizə olan əmanətidir. Məhz bu siyasətin nəticəsidir ki, hər il gənclər günündə ölkə başçısı cənab İlham Əliyev gənclərlə görüşür, onların sosial qayğıları ilə maraqlanır və onlara öz tövsiyələrini verir. Bu il də tarixi ənənə pozulmadı. “2 Fevral - Azərbaycan Gənclər Günü”nün 25 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin bir qrup fəal gənc ilə görüşməsi və onları maraqlandıran suallara cavab verməsi yetişən yeni nəsillərin tarixində və xatirəsində əvəz olunmaz izlər qoymuşdur.

Ümumiyyətlə, son iki ildə istər daxili auditoriya ilə, istərsə də xarici mediya nümayəndələri ilə görüşlər əsnasında hadisə və məsələlərlə bağlı ölkə başçısının fikirləri cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz Prezidentin başçılıq etdiyi “informasiya müharibəsi” də özünün müsbət nəticələrini verməkdədir. Bu sahədə fəaliyyət göstərən dövlət qurumları ilə yanaşı gənclərin rolu da müstəsna əhəmiyyətə malikdir. Xüsusilə də Vətən Müharibəsindən sonra əldə olunmuş nəticələrin dünya ictimaiyyətinə çatdırılmasında istər dövlət başçısının, istər rəsmi qurumların, istərsə də cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin danılmaz xidmətləri vardır. Bu dəfə də ənənə pozulmadı. Gənclərlə görüş əsnasında giriş hissənin qısa, sual-cavab hissəsinin isə geniş nəzərə alınması və gənclərə özünüifadə imkanlarının verilməsi demokratik dəyərlərə olan dərin ehtiramın təzahürü kimi qiymətləndirilməlidir.

Gənclərlə görüş vaxtı Prezidentin Azərbaycanın yeni tarixinə toxunması, müstəqilliyin ilk illərində gənclər sahəsinin ölkənin digər sahələri kimi uçurumun kənarında olması ilə bağlı səlis, dolğun və dəqiq məlumatları gənclərin diqqətinə çatdırması vacib məqamdır. Müstəqilliyin ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Bu cür meqa problemlərin fövqündə gənclər heç yada da düşmürdü.  Əgər o zamanlar xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsə idi, nə bugünkü gəncliyimiz, nə də onların əldə etdikləri uğurlar olardı. Sovetlər Birliyi dağıldıqdan sonra ölkə bütün iflic vəziyyətində olan bir zamanda gənclərin taleyi heç kimi maraqlandırmırdı. Müstəqilliyin ilk illərinin acı mənzərəsi uzun zaman xalqımızı təqib etmişdir. Əlbəttə, müasir Azərbaycan gəncliyi o çətin anları görməmişdir. Lakin xalqımız bundan sonra da böyük və tarixi zəfərlər əldə etmək arzusundadırsa, mütləq keçmişdə baş vermiş hadisələri yaxşı bilməli və səhvləri təkrar etməməlidir. Xüsusilə də gənclər tarixin öyrənilməsi, baş vermiş hadisələrdən nəticələrin çıxarılması, hadisələrin düzgün dəyərləndirilməsi və qiymətləndirilməsi istiqamətində diqqətli olmalıdırlar.

Azərbaycan xalqı qədim tarixə malikdir. Xalqımızın böyük adət-ənənələri vardır. Müstəqilliyimizin olmadığı dövrlərdə, müstəmləkə siyasətinin qurbanı olduğumuz zamanlarda belə müdrik xalqımız öz ənənələri ilə fərqlənmişdir. Madam ki, babalarımız özlərinə xas xüsusiyyətləri ilə digər etnoslardan, xalqlardan fərqlənə bilmişlər, o zaman müstəqillik illərində biz sözün bütün mənalarında öz dəyərlərimizə sahib çıxmalıyıq. Sovetlər Birliyinin sərt qaydalarının tədbiq olunduğu zamanlarda hər evdə, hər ailədə milli bayramlarımız qeyd olunur, xüsusi günlərimiz unudulmurdu. Bütün kənar təsirlərə rəğmən xalqımız assimilyasiya olunmamış və öz dəyərlərini qoruyub saxlamışdır. Prezidentin tövsiyəsi də məhz o istiqamətdədir ki, gənclər öz milli ənənələrinə sadiq qalmalı və dəyərlərini qoruyub saxlamalıdırlar. Yalnız öz xüsusiyyətlərimizi qoruyub saxladığımız təqdirdə biz daha da böyük sürətlə və dayanıqlı inkişaf edə bilərik. Cənab Prezidentin milli, mənəvi dəyərlər kontekstində başqa bir tövsiyəsi isə ana dili ilə bağlıdır. Zəngin ana dilimizə kənar, lazımsız müdaxilələrin gərəksiz olduğunu vurğulayan dövlət başçısı əslində cəmiyyətimizi narahat edən başqa bir problemi də dilə gətirmiş oldu. Ana dilinin saflığını qorumaq hər bir azərbaycanlının ümdə vəzifəsi olmalıdır.

Ölkə başçısı cənab Prezident İlham Əliyevin gənclərlə görüşü yeni nəslin qarşısında yeni hədəflərin qoyulması ilə də yadda qalmışdır. Daim inkişaf edən və dünyanın müasir çağırışlarına cavab verən Azərbaycan gəncliyi də ölkəmizlə birgə tərəqqi yolunu keçməlidir. Bu görüşü yeni eranın da başlanğıcı adlandırmaq olar. Ölkəmiz 30 illik müstəqilliyi dövründə qarşısına qoyduğu bütün hədəflərə çatmışdır. Sözsüz ki, yeni reallıqların fövqündə yeni hədəflərin meydana çıxması çox təbiidir. Azərbaycan gəncliyi dövlətimizin qarşısında duran hədəflərin həyata keçirilməsində ciddi pay sahibidir. Təsadüfi deyil ki, Prezident özü gənclərə arxalandığını çıxışlarında dəfələrlə bildirmişdi. Vətən müharibəsi və koronavirus pandemiyası ilə mübarizə bir daha Azərbaycan gəncliyinin xalqına, dövlətinə olan sədaqətini, sevgisini, məhəbbətini sübut etmişdir. Azərbaycan gəncliyi öz tarixi ilə, öz xalqı ilə qürur duymalıdır. Necə ki, Azərbaycan xalqı öz gəncliyi ilə fəxr edir.

Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri də mehriban və gülərüz keyfiyyətlərə malik olmasıdır. Azərbaycan çoxmillətli və çoxkonfensiyalı bir dövlətdir. Biz müxtəlif düşüncəyə malik insanlarla sülh və əmin-amanlıq içərisində birgə yaşayışı təmin edə bilmişik. Vətən müharibəsində müxtəlif xalqların nümayəndələrinin, gənclərin öz canlarını, sağlamlıqlarını vahid vətənimiz olan Azərbaycan uğrunda qurban vermələri ölkəmizdə həyata keçirilən məqsədyönümlü siyasətin məntiqi nəticəsidir.

Qloballaşma dünyada ifadə olaraq çox da istifadə edilməyən, lakin bütün hegemon güclərin əməl etdiyi aktual bir məsələdir. Bu gün dünyada hökmranlıq etmək istəyən ölkələr qloballaşma adı altında ölkələrin daxili işlərinə qarışmaq, xarici siyasətlərinə müdaxilə etmək, dünya dövlətlərinin de-fakto müstəqilliklərinin itirilməsinə səbəb olmaqdadırlar. Bu artıq heç kimə sirr deyil ki, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqil siyasət yeritməyə başlamışdır. Son on səkkiz ildə əldə olunan uğurlarımız isə daha böyük qüvvə ilə müstəqil siyasət həyata keçirməyimizə səbəb olmuşdur. Əlbəttə, qlobal güclər bu amillə nəinki barışırlar, bir çox halda müstəqil dövlətçiliyimizə qarşı açıq təyziqlər etməyə çalışırlar. Qəsbkar cəhdlərin boşa çıxmasına ən əsas səbəb xalqla hakimiyyət arasında sarsılmaz bağlardır. Dövlət başçımız müstəqilliyimizin, milli maraqlarımızın və mənəvi dəyərlərimizin müdafiəçisi və mühafizəçisi kimi bundan sonra da var gücü ilə çalışacağını vurğulamışdır. Lakin dünyanın müxtəlif yerlərində olduğu kimi fərqli parıltılı adlar altında Azərbaycan cəmiyyətinə də müdaxilə etmək arzusunda olanlar buna çox ciddi cəhdlər edirlər. İki səbəbdən öz bədxah niyyətlərinə nail ola bilməmişlər. Birincisi, xalq-iqtidar birliyi, daha sonra isə cəmiyyətdə nüfuzu olmayan insanlarla daxili münaqişələrə cəhd olunması müdaxilələri boşa çıxarmışdır. Çox təəssüflər olsun ki, belə qara qüvvələrin hədəfləri öncə gənclər olur. Gənclik inkişafa ən çox meyl edən yaş təbəqəsidir. Onlar müstəqil həyata can atdıqca, inkişaf etmək istədikcə bəzən doğru olmayan insanlarla, qüvvələrlə qarşılaşıb özlərinə, yaxınlarına, cəmiyyətə zərər verə bilirlər. Çox sarsıdıcı haldır ki, bəzən xoşagəlməz qüvvələrin açıq hədəfinə çevrilirlər. Əgər dünyada baş verən dırnaqarası inqilablara baxsaq görərik ki, hadisələrdə aparıcı qüvvə məhz gənclərdir. Onlar bir çox hallarda nəyi, niyə və nə üçün etdiklərinin fərqində belə deyillər. “Rəngli inqilablar” və “ərəb baharı” adı altında baş verən çevrilişlərdən sonra öz ölkələrini məhz gənclərin əli ilə məhv edən qlobal güclər olmuşdur. Sonralar məlum olmuşdur ki, atılmış bu addımlar nə həmin xalqların, nə də o gənclərin həyatlarının, sosial rifahlarının yaxşılaşdırılmasına xidmət etməmişdir. Məhz bu kimi amilləri nəzərə alıb gənclərimiz dövlət başçımızın tövsiyyələrinə sözsüz əməl etməlidirlər. Azərbaycan gəncliyinin nicatı öz dövlətinin və cənab Prezidentin ətrafında monolit və vahid şəkildə birləşməyindədir.

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri