YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Gününün təsis edilməsindən 25 il ötür. Fevralın 2-də ölkə başçısının bu münasibətlə keçirilən Forumda iştirak etməsi və gənclərin müxtəlif suallarını cavablandırması özlüyündə cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə olan xüsusi diqqət və qayğısından xəbər verir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. O gündən bu günə qədər bir nəsil, həmçinin Azərbaycan dəyişdi. Müstəqilliyin ilk illərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər.

İqtisadi tənəzzül və Qarabağ müharibəsindəki məğlubiyyət ölkədəki vəziyyəti hər ötən gün daha da pisləşdirirdi. Ulu Öndərin xalqın təkidili tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həyat öz axarına qayıtmağa başladı. Məhz həmin dövrdə Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək gənclərə üz tutdu, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı.

Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır.

Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Azərbaycan gəncləri Vətənə, torpağa, milli-mənəvi dəyərlərə sadiq gənclərdir. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu. Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürürdü və özünü assimilyasiyadan qoruyurdu. Azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi də əlbəttə bu dəyərləri qoruyub saxlamalıyıq. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə xaricdə müxtəlif fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan destruktiv vasitələr kimi istifadə etsinlər. Lakin bu cür fikirdə olan dairələrin məkrli planları Azərbaycan gəncləri tərəfindən birmənalı olaraq rədd edilir. Biz bütün bunların Vətən müharibəsi günlərində canlı şahidi olduq. Azərbaycan gəncliyi Dəmir Yumruğun tərkib hissəsi olaraq öz sözünü dedi. Bir sözlə, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Cənab İlham Əliyevin prezidentliyi dövründə elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı və o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə olacaqdı. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Məhz gənclərimizin vətənpərvərliyi, cəsurluğu sayəsində mədəniyyət incimiz olan Şuşa azad edildi. Aparılan bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanırdı. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı.

Forumda gənclərlə görüşü zamanı ölkə başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, Vətən müharibəsində iştirak etmiş gənclər dövlət qayğısı, şəhid ailələri və müharibə əlilləri üçün icra edilən genişmiqyaslı proqram və digər məslələr  haqqında da geniş fikir bildirdi.  

Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin sosial şəbəkələrdə çox fəal olduqlarını qeyd edən cənab Prezident İlham Əliyev müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldiyinə diqqət çəkdi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, könüllü olaraq, öz təşəbbüsləri ilə dünya azərbaycanlıları da qoşuldular. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında erməni lobbisi dayanır.

Ölkə başçısının gənclərlə görüş zamanı xüsusi diqqət çəkən məqamlardan biri də Dördüncü Sənaye İnqilabı haqqında olan fikirlərdir. Dördüncü Sənaye İnqilabı artıq reallıqdır. Artıq iki ildir ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalanıb. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Cari il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar. Gənclərin dünya görüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir. 

Cənab Prezident İlham Əliyev bildirdi ki, Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması, eyni zamanda, geniş informasiya məkanına çıxış əldə etmək deməkdir. Dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq.

Görüş zamanı Azərbaycan Prezidenti gənclərin könüllülük missiyalarını da yüksək qiymətləndirdi. Azərbaycanda artıq könüllülər hərəkatı genişlənir. ASAN könüllüləri ölkəmizdə ilk könüllülər olmuşdur. Könüllülük Azərbaycan xalqının qanındadır. Sadəcə olaraq, bunu hərəkat çərçivələrinə gətirmək üçün təşkilati addımlar olmalı idi, bunlar da atıldı. İndi “ASAN xidmət”dən sonra bir neçə digər dövlət qurumunda könüllülər qrupları var. Bu, həm gənclər üçün, həm ölkə üçün çox önəmlidir. Çünki gənclər geniş təcrübə toplayırlar. Könüllülük ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə bu hərəkat gənclərin təşkilatlanması və onların əmək potensialının artırılması nöqteyi-nəzərindən çox önəmlidir.

Gənclərlə görüşdə idman və idmanın əhəmiyyətindən bəhs edən Prezident cənab İlham Əliyev idmanın təkcə fiziki sağlamlıq deyil, həm də özünəinam olduğunu vurğuladı. İdman iş qabiliyyətini artırır və insanı daha cəsarətli edir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq. Eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək. Əgər insan idmanla ciddi məşğul olursa, o, zərərli vərdişlərdən də uzaq olacaqdır. Gənclər zərərli vərdişlərdən uzaq olmalıdır. Zərərli vərdişlər insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir.