YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır

Bəxtiyar  Nəbiyev

YAP  Yasamal  rayon  təşkilatının  sədri

2021-ci ilin dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində  daha  əvvəl keçirilmiş sammitlərdə olduğu kimi bir daha ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub.

Təkcə bu detal münaqişə və müharibə dövründə Avropa İttifaqına üzv bəzi ölkələrin Azərbaycan Respublikasına qarşı qeyri-obyektiv yanaşmasının süqutu deməkdir.

 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başlayan NATO ilə əməkdaşlığımızın dinamik inkişafını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması sübut edir.  Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakının məntiqi davamını isə 1997-ci ildən etibarən NATO-da fəaliyyət göstərən diplomatik nümayəndəliyimiz bu gün də davam etdirməkdədir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti və 120 min sivil əfqanlının təhlükəsiz şəkildə təxliyəsindəki müstəsna rolu beynəlxalq təşkilatlar tərəfindən, həmçinin sosial şəbəkələrin əcnəbi seqmenti tərəfindən alqışlanaraq yüksək qiymətləndirilmişdi. Əməkdaşlıq silsiləsinin növbəti hissəsi isə NATO-ya üzv Türkiyə ilə olan ordu quruculuğu sahəsindəki ortaq çalışmalarımızdır. Qeyd etmək lazımdır ki, cari və keçən illərdə Türkiyə Silahlı Qüvvələri ilə xeyli sayda keçirilmiş birgə təlimlər Cənubi Qafqazda möhkəm mövqe sərgiləməyimizə əsas verir.

Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində masadakı vacib məsələlərdən biri də enerji layihələri ilə bağlı idi ki, indiyədək Azərbaycan Respublikası Avropa İttifaqına üzv İtaliya, Yunanıstan və Bolqarıstana çatdırdığı qaz qarşılıqlı şəkildə əlverişli hesab olunmuşdur. Prezident İlham Əliyev onu da vurğulamışdır ki, gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

Proqram çərçivəsində post-müharibə dövründə  Ermənistan və Azərbaycan respublikalarının diplomatik əlaqələri də müzakirə olunub.

Bildirmək lazımdır ki, Şərq Tərəfdaşlığının VI Sammitindən öncə də Ermənistan və Azərbaycan görüşü Rusiyanın məsləhətçi köməyi ilə Soçidə baş tutmuşdu və bu müzakirələrdə tərəflər sərhədlərin  demarkasiya və delimitasiya üçün işçi qruplarının ayrılması öhdəliyini götürmüşdü.

Eyni proses Şarl Mişelin başçılığı ilə Brusseldə də təkrarlandı və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin öz həllini tapmağı yolunda addımlar atıldı.

Bu xüsusda Avropa İttifaqına Qarabağda minaların mülki şəxslərə və o ərazilərə yaxın illərdə köçürüləcək vətəndaşların həyatına təhlükə törətdiyi bildirilib, əlavə olaraq minaların təmizlənməsi prosesində birgə planlar irəli sürülüb.

Müzakirə boyu Ermənistan tərəfinə Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi bir daha çatdırılıb və qarşı tərəf məlumatlandırılıb ki, Laçın və Zəngəzur dəhlizi əlverişli olduğu qədər bərabərhüquqludur.

Qətiyyətli mövqe nümayişi isə gömrük postu ilə bağlı məsələdə açıq-aydın ortaya qoyulub ki, Zəngəzur dəhlizinə gömrük postu qoyulduğu halda Azərbaycan tərəfi də Laçın dəhlizinə gömrük nəzarəti etmək hüququnu özündə saxlayır.

İstənilən halda Avropa İttifaqının təşkilatçılığı ilə daha iki il sonra keçiriləcək sammitdə Azərbaycan tərəfinin yenidən masadakı ritorikasının güclənəcəyinə dair səbəblər artıq indidən sezilməkdədir.