YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında daim qurucu və xilaskar dövlət xadimi kimi yaşayacaq

Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dönəmində-1969-1982-ci illərdə sosial-iqtisadi cəhətdən geridə qalan, inkişafında durğunluq yaşanan respublikamızı tərəqqi edən bir diyara çevirib. Dahi şəxsiyyət həmin dövrdə Azərbaycanda ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi-tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün mühüm ixtisaslara yiyələnmələri məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əzmkar, yorulmaz fəaliyyət göstərib.

Ulu öndərin rəhbərliyi ilə o illərdə reallaşdırılan institusional islahatlar nəticəsində kənd təsərrüfatında, sənayedə, eləcə də neft-qaz sektorunda böyük inkişaf tempi əldə edilib. Bununla da ölkəmiz keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Eyni zamanda, paytaxt Bakının abadlaşdırılması, şəhərdə tikinti-quruculuq işlərinin geniş miqyas alması, mikrorayonların və yeni qəsəbələrin salınması, burada onlarla sənaye müəssisəsinin yaradılması, həmçinin kəndlərin infrastrukturunun qurulması, yeni iş yerlərinin açılması, gənc mütəxəssislərin idarəetmədə irəli çəkilməsi kimi məsələlər ötən əsrin 70-80-ci illərində Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.

Bu sözləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O deyib: “Azərbaycanda indiki iqtisadi tərəqqinin əsası da məhz həmin dövrdə Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider respublikamıza rəhbərlik etdiyi illərdə öz parlaq siyasi zəkası sayəsində Azərbaycanı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb, müasir müstəqil ölkəmizin etibarlı bünövrəsini yaradıb və parlaq gələcəyini müəyyənləşdirib. Ümumiyyətlə, Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dönəmində imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, Azərbaycana intibah dövrünü yaşadıb. Xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri, düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdırıb. Bu dövrün Azərbaycanın gələcək taleyi baxımından başlıca məzmununun azərbaycançılıq olduğunu dəfələrlə diqqətə çatdırıb. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu da, əslində, 1969-cu ildən - məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra başlayıb”.

Emin Bağırov söhbətinə əlavə edərək, vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirilən kompleks islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafı təmin olundu. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. Bunlarla bərabər, neft-qaz sektorunda gerçəkləşdirilən genişmiqyaslı tədbirlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və bundan sonra davamlı iqtisadi artım nəzərə çarpmağa başladı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Yeri gəlmişkən, burada bir məsələni də qeyd etməyi zəruri bilirəm. Ulu öndərin müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Emin Bağırov söhbətini yekunlaşdıraraq, bildirib ki, son illər dünyada baş verən qlobal iqtisadi böhranların, COVID-19 pandemiyasının doğurduğu mənfi təsirlərin Azərbaycandan da yan keçmədiyi bir şəraitdə ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq mükəmməl səviyyədə davam etdirilməsi sayəsində mümkün olub. Ötən 18 il ərzində ölkənin makroiqtisadi sabitliyi nəinki qorunub saxlanılıb, eyni zamanda, iqtisadi potensialı daha da gücləndirilib.

Beləliklə, istər ümummilli liderin hakimiyyəti dönəmində, istərsə də onun layiqli varisi Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində əldə edilən uğurlar ulu öndər Heydər Əliyevin dövrün çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət olmasını sübuta yetirir. Bəli, onun fəaliyyəti sabaha, bugünümüzə ünvanlanmışdı. Ona görə də Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb.

Ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.