YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bu gün Azərbaycan xalqı haqlı olaraq öz qalib, güclü və nüfuzlu dövləti ilə fəxr edir. Çünki bir əsrdə iki dəfə müstəqillik qazanmış Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin  ən qüdrətli dövrünü yaşayır, ardıcıl və möhtəşəm nailiyyətlər qazanaraq yeni strateji zirvələr fəth edir.

Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazıb

Təbii ki, ölkəmizin bugünkü inkişaf və tərəqqi mərhələsinə çatması heç də asan olmayıb. Azərbaycanın tarixin siyasət səhnəsində yüksəlişi və söz – nüfuz sahibinə çevrilməsi, dünyada ləyaqətli və etibarlı dövlət kimi tanınması bilavasitə lider fenomeni və xalq-lider birliyi ilə əlaqədardır. Azərbaycan dövləti müstəqilliyin ilk illərində məhz xalqın böyük inam və etimad bəslədiyi Lider – müdrik və dünya şöhrətli siyasətçi Heydər Əliyev sayəsində böhrandan xilas olmuş, inkişaf yoluna çıxmışdır. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır.

Ümumiyyətlə, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir. Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olmuşdur. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilmiş, bütün sahələrdə köklü islahatlar aparılmış, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilmiş, dövlətimizin dünyada mövqeyi möhkəmlənmişdir. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşına sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə həkk olunub.

Tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır

Bu gün isə müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi güclü – qüdrətlidir, istənilən vəzifəni reallaşdırmaq iqtidarındadır. Heydər Əliyev siyasətinin Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, ölkəmiz beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır. Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunması, nümunəvi sosial-iqtisadi inkişaf modelinin yaradılmasıdır. Nəhayət, Ümummilli Liderimizin əsasını qoyduğu uğurlu xarici siyasətin, ordu quruculuğunun müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində  torpaqlarımızın işğaldan azad edilməsi zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir.

Ən mühüm məqamlardan biri budur ki, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Xalqımız Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür.

Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti də ölkəmizin tərəqqisinə, xalqımızın rifahına xidmət edən çox mühüm amildir. Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti həm ölkəmizdə ayrı-ayrı sahələrin inkişafı, həm Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi, həm də milli birliyin gücləndirilməsi baxımından böyük önəm kəsb edir.

Nəticə etibarilə, müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar  ideyaları və Prezident İlham Əliyevin uğurlu strateji kursu nəticəsində öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.